2017-07-24
No:208/17, Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana rəsmi səfəri çərçivəsində Macarıstan Milli Asambleyasının sədr müavini Janos Latorcai və Xarici Əlaqələr üzrə Komitəsinin sədri Zsolt Nemeth ilə görüşüb.

Görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olundu. Azərbaycan və macar xalqları arasında dostluğun dərin tarixi köklərə malik olduğu vurğulandı.

Tərəflər ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rol oynadığını diqqətə çəkərək bu xüsusda Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Macarıstana gözlənilən səfərinin ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcəyinə əminlik ifadə etdilər.

Həmçinin, Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişafında parlament diplomatiyasının xüsusi rola malik olduğu qeyd olundu və bu məqsədlə parlamentlərarası dostluq qrupları arasında mütəmadi səfər mübadilələri və görüşlərin keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulandı.

Azərbaycan və Macarıstanın beynəlxalq gündəlikdə duran məsələlərə münasibətdə mövqeyinin üst-üstə düşməsi təqdirəlayiq hal kimi qiymətləndirdi.

İki ölkə arasında nəqliyyat, enerji, turizm, təhsil, kənd-təsərrüfatı, əczaçılıq və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün biznes dairələri arasında əlaqələrin təşviq edilməsinin vacibliyi qeyd olundu.

Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafı istiqamətində Macarıstanın dost və tərəfdaş dövlət kimi göstərdiyi dəstəyi təqdir edildi.

Görüş əsnasında Nazir Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri və münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında həmsöhbətlərə məlumat verdi. Nazir Macarıstanın Azərbaycanın ədalətli və haqlı mövqeyini və münaqişənin ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllini dəstəkləməsinin yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

növbəti xəbər əvvəlki xəbər