2017-06-20
No:177/17, Azərbaycan və Lüksemburq xarici işlər nazirləri arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı təbrik məktubu mübadiləsi həyata keçirilib

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və immiqrasiya naziri Jean Asselborn arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici işlər naziri Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda Azərbaycan və Lüksemburq arasında sıx əməkdaşlıq əlaqələrinin, səmərəli siyasi dialoqun bərqərar olunduğunu və 2015-ci ildə ölkəmizdə təşkil olunmuş 1-ci Avropa oyunları zamanı Lüksemburq Böyük Hersoqu əlahəzrət Anrinin Azərbaycana səfərinin bunun bariz nümunəsi olduğunu bildirib. 

Elmar Məmmədyarov 2016-cı ilin aprel ayında Lüksemburqda keçirilmiş XİN-lərarası məsləhətləşmələrin ikitərəfli əlaqələrdə səmərəli təcrübənin əsasını qoyduğunu, həmçinin gələcək münasibətlərin irəli aparılması üçün zəngin gündəlik müəyyən etdiyini diqqətə çatdırıb. Bu xüsusda, sözügedən məsləhətləşmələrin növbəti mərhələsinin 2018-ci ilin ikinci yarısında Bakıda keçiriləcəyinə ümid etdiyini qeyd edib.

Nazir Lüksemburqun Avropa İttifaqı çərçivəsində də Azərbaycanın vacib tərəfdaşlardan biri olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Aİ təsissatlarına etdiyi son səfəri zamanı danışıqlarına rəsmi başlanğıc verilmiş Azərbaycan Respublikası və Aİ arasında strateji tərəfdaşlığa dair sazişin hüquqi çərçivəni təmin etməklə, Aİ-Azərbaycan münasibətlərinin inkişafı üçün möhkəm özül yaradacağına əminliyini ifadə edib.

Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və immiqrasiya naziri Jean Asselborn Elmar Məmmədyarova ünvanladığı məktubunda Lüksemburq və Azərbaycanın ötən müddət ərzində müxtəlif sferalarda praqmatik və uğurlu əməkdaşlığın inkişaf etdirilməsinə, iki ölkəni birləşdirən əlaqələrin gücləndirilməsinə, hər iki xalqın bir-birini tanıması prosesinin dərinləşdirilməsinə və iki dövlət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə nail olduğunu qeyd edib.

J.Asselborn ikitərəfli münasibətlərin geniş potensialı olduğunu vurğulayaraq, bu ildönümün əlaqələrin daha da yüksək səviyyəyə qalxması və iki dövlətin qarşılıqlı maraqları naminə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaradacağına əminliyin ifadə edib.

Nazir Azərbaycan xalqına sülh və əmin-amanlıq arzu edib.

 

növbəti xəbər əvvəlki xəbər
AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ