2017-06-14
No: 168/17, Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devini qəbul edib

Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Rusiya, Şərq Tərəfdaşlığı, Mərkəzi Asiya və ATƏT üzrə direktoru Lyuk Devinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan-Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesinin növbəti raundu çərçivəsində Azərbaycanda səfərdədir. 

Səfər əsnasında Nazir Elmar Məmmədyarov Lyuk Devini qəbul etdi. Tərəflər saziş layihəsi üzrə danışıqların konstruktiv və intensiv şəkildə aparılmasından məmnunluq ifadə etdilər və danışıqların bu mərhələsində əsasən siyasi və ticarət məsələlərinin müzakirə olunduğu qeyd olundu.

Qarşılıqlı anlaşma şəraitində keçirilən danışıqlar nəticəsində tərəfdaşlığa dair saziş layihəsi bu ilin sonunda keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin zirvə toplantısına qədər yekunlaşdırılacağına ümidvarlıq ifadə olundu. 

Görüşdə Avropa İttifaqı və Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsi və perspektiv inkişaf istiqamətləri barəsində fikir mübadiləsi aparıldı. Bu günlərdə keçirilmiş Azərbaycan-Avropa İttifaqı Biznes Forumunun iqtisadiyyat, ticarət və investisiyalar sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığı qeyd olundu. 

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının Komissarı Cohannes Hannın 16 iyun tarixində Azərbaycana səfəri çərçivəsində də Azərbaycan-Aİ əməkdaşlığının müxtəlif aspektləri, xüsusilə nəqliyyat, ticarət, uzlaşma (connectivity) və başqa sahələr üzrə ətraflı müzakirələrin aparılacağına əminlik ifadə olundu.

Həmçinin görüş əsnasında tərəflər regional məsələlərə dair fikir mübadiləsi apardılar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiyasında əks olunduğu kimi Aİ tərəfindən həlli uzaldılmış münaqişələrə münasibətdə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında vahid mövqedən yanaşılmasının vacibliyini diqqətə çatdırdı. 

 

növbəti xəbər əvvəlki xəbər

DİPLOMATİYA ALƏMİ JURNALİ