2017-06-12
No:164/17, Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Estoniya Respublikasının xarici işlər naziri Sven Mikser ilə görüşüb

Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə edildi, tərəflər arasında siyasi dialoqun davamlı şəkildə aparılmasının və yüksək səviyyəli mütəmadi qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulandı.

Nazirlər 2017-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd edildiyini bildirərək, bununla əlaqədar məktub mübadiləsi həyata keçirdilər. Tərəflər son illər ikitərəfli əməkdaşlıqda müsbət dinamikanı təqdir edərək, ikitərəfli əlaqələri daha da inkişaf etdirmək üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini vurğuladılar.

Nazir Elmar Məmmədyarov informasiya və kommunikasiya texnologiyaları və elektron hökumət sahəsində Azərbaycan və Estoniya arasında uğurlu əməkdaşlıq mövcud olduğunu, tikinti, ticarət və xidmət sahəsində 10-dan artıq Estoniya şirkətinin fəaliyyət göstərdiyini qeyd etdi.

Görüşdə, həmçinin, iki ölkə arasında nəqliyyat sahəsində də əməkdaşlıq üçün geniş imkanların olduğu, təhsil və turizm sahəsində əməkdaşlıq üçün potensialdan düzgün istifadə edilməsinin vacibliyini qeyd etdilər.

Elmar Məmmədyarov həmkarını Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesinin cari statusu barəsində məlumatlandırdı. Nazir Elmar Məmmədyarov Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Estoniya tərəfinə təşəkkürünü çatdırdı.

Nazirlər həmçinin Avropa İttifaqı-Azərbaycan arasında münasibətlər, Şərq Tərəfdaşlığı layihəsi, o cümlədən Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn sammiti, Azərbaycan Respublikası və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sazişi barəsində geniş fikir mübadiləsi apardılar.

  

növbəti xəbər əvvəlki xəbər
AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ