2017-05-05
4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı

qeyri-rəsmi tərcümə

4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı

1-ci plenar sessiya:
Zorakı ekstremizmin qarşısının alınması aləti kimi dialoqun təşviqi və körpülərin yaradılması 

Bakı, 5 may 2017-ci il

Hörmətli cənab Prezident,

Hörmətli qonaqlar,

Xanımlar və cənablar,

Dözümsüzlük, ayrı-seçkilik və zorakılığın artdığı çağdaş dünyada din və ya inanca əsaslanan mədəniyyətlərarası və dinlərarası dialoq dözümlülük, davamlı sülh, stabillik və inkişafın təşviq edilməsində ən əhəmiyyətli vasitələrdən birinə çevrilmişdir. Bu xüsusda, ölkələr, mədəniyyətlər və sivilizasiyalar arasında dözümlülük, sülh və daha yaxşı anlayışın təşviq edilməsi üçün qlobal dialoq və əməkdaşlığın möhkəmləndirilməsində rol oynayan BMT Sivilizasiyalararası Alyansın əhəmiyyətli rolunu xüsusi qeyd etmək istərdim.

Biz Azərbaycanda bütün səviyyələrdə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə xüsusi önəm veririk. Ölkəmizdə multikulturalizm və dözümlülük cəmiyyətimizi gücləndirən və birləşdirən uzunmüddətli ənənədir. Biz hesab edirik ki, mədəni rəngarənglik və multikulturalizm dialoqun təşviqi, etnik və dini plüralizmin həvəsləndirilməsi və beləliklə zorakı ekstremizmin potensial artımının səmərəli şəkildə qarşısının alınmasına töhfə vermək üçün geniş imkanlar verən güc və sərvətdir. Təsadüfü deyildir ki, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm İli” elan edilmişdir. Azərbaycan hökuməti bütün etnik və dini azlıqların hüquqlarının qorunması istiqamətində ardıcıl siyasətini davam etdirir. Azərbaycanda mindən artıq məscid, 11 kilsə, 6 sinaqoq və digər dini məbədlər heç bir mane olmadan fəaliyyət göstərir.

Bir il əvvəl, Bakı şəhərində, burada biz “İnkluziv cəmiyyətlərdə birgə yaşayış” adlı BMT Sivilizasiyalararası Alyansın 7-ci Qlobal Forumuna ev sahibliyi etmişik. Dövlət və hökumət başçıları, nazirlər, hökumət rəsmiləri, beynəlxalq təşkilatların və KİV təmsilçilərinin daxil olduğu 147 ölkədən 4000-dən artıq nümayəndə bu vacib tədbirdə iştirak etmişdir. Forumun mövzuları davamlı inkişafın əsas komponenti kimi inkluziv cəmiyyətlərin təşviqini özündə birləşdirən 2030 Davamlı İnkişaf Gündəliyini əks etdirir. Orada qəbul olunan Bakı Bəyannaməsi ayrı-seçkilik, düşmənçilik və ya zorakılığı təhrik edən istənilən dini nifrətin təbliğini şiddətlə qınamış və bütün üzv dövlətləri zorakı ekstremizmin bütün forma və təzahürlərinə qarşı birləşməyə çağırmışdır. Biz inanırıq ki, Bakı Bəyannaməsi zorakılıq, ekstremizm və ksenofobiyaya qarşı bir yol kimi mədəniyyətlərarası dialoq və multikulturalizmin təşviqində dövlətlər və beynəlxalq təşkilatlar üçün bələdçi rolunu oynaya bilər. İnkluziv cəmiyyətlərin yaradılması və inkişafında gənclərin xüsusi rolunu tanıyaraq Forum çərçivəsində beynəlxalq ictimaiyyətin 150-dən artıq gənc nümayəndəsinin iştirakı ilə BMT Sivilizasiyalararası Alyansının Gənclər Tədbiri keçirilmişdir.

Hörmətli dostlar,

Keçmişdə Azərbaycan terrorun dəhşətləri ilə qarşılaşıb və öz təcrübəsindən bu qorxulu fenomenlə mübarizə aparmağın və onun səbəblərinin aradan qaldırılmasının əhəmiyyətini bilir. Terrorizm vandalizm və barbarlıq aktıdır və sülh, təhlükəsizlik, stabillik və insan hüquqlarının ifadəsinə birbaşa təhlükə yaradır. Azərbaycan terrorizm və zorakı ekstremizmin bütün forma və təzahürlərini qınayır və terrora qarşı qlobal mübarizədə müxtəlif beynəlxalq tərəfdaşlarla fəal şəkildə əməkdaşlıq edir. İnanırıq ki, bu təhlükəni uğurlu şəkildə dəf etmək üçün bütün beynəlxalq ictimaiyyətin konsolidə edilmiş səylərinə ehtiyac vardır. Bu xüsusda BMT-nin, xüsusilə üzv dövlətlər arasında siyasi konsensus və praktik əməkdaşlığın möhkəmlənməsinə xidmət edən müvafiq əməkdaşlıq proqramlarının inkişafında Terrorizmə Qarşı Mübarizə üzrə İşçi Qrupunun rolu tam şəkildə dəstəklənməlidir.

Eyni zamanda, xüsusi olaraq vurğulamaq istəyirəm ki, terrorizmlə müharibədə hər hansı bir din və ya mədəniyyət hədəf kimi istifadə oluna bilməz və olunmamalıdır. Azərbaycan dini dözümsüzlük, xüsusilə islamabofiya, antisemitizm, ksenofobiya, habelə dinin terrorla eyniləşdirilməsi cəhdləri və zorakı ekstremizm hallarının artmasına görə həyəcan təbili çalır. Biz sərt şəkildə İslama qarşı bütün hücumları qınayırıq və ifadə azadlığı bəhanəsi ilə onlara haqq qazandırılması cəhdlərini rədd edirik. Beynəlxalq səylərin daha da möhkəmləndirilməsi İslam və müsəlmanlara qarşı nifrətin və saxta mühakimələrin formalaşdırılmasını dayandırmağı tələb edir.

Terror aktının baş verməsini gözləməmək və bu akt baş verəndən sonra reaksiya vermək əvəzinə zorakı fəaliyyətlərin qarşısının alınması həyati əhəmiyyətlidir. Terrora qarşı mübarizə əhalinin inadkarlığını artıracaq profilaktik yanaşma tələb edir. Bu istiqamətdə zorakı ekstremizmə münbit şərait yaradan halların müəyyən edilməsi mühümdür. Bu şərtlər sırasına sosial təcrid, işsizlik, eləcə də dini radikalizm, qütbləşmə və fikir yanlışlığını yaradan təhsilin çatışmaması kimi müxtəlif hallar daxildir. Gənclər, təhsil, turizm, insanlararası təmaslar və media üzrə müxtəlif layihələr və təşəbbüslər ekstremizmə qarşı cəmiyyətlərə müəyyən dərəcədə köməklik göstərilməsi baxımından çox əhəmiyyətlidir. Lakin sadə və qısa şəkildə desək, hər hansı bir yaxşı təhsil almış, sosial cəhətdən təmin olunmuş, işləyən və həyatda perspektivi olan gənc müxtəlif ekstremist hekayə və radikal ideologiyalara qarşı daha müqavimətli olacaq. Beləliklə, biz yoxsulluq, savadsızlıq, işsizlik və sosial təcridin aradan qaldırılmasına səy göstərən 2030 Davamlı inkişaf Gündəliyini tamamilə dəstəkləyirik. Ekstremizm hekayələrinə qarşı mübarizə hökumətlər, beynəlxalq təşkilatlar, eləcə də dini icma və qadın təşkilatlarının da daxil olduğu vətəndaş cəmiyyətlərin koordinasiya və əməkdaşlığı vasitəsilə inkişaf etdirilməlidir. Əks təbliğatın təşviqi məqsədilə ən tanınmış beynəlxalq təşkilatlardan biri tərəfindən qlobal məlumatlandırma kampaniyasın başladılması bu istiqamətdə faydalı addım ola bilər.

Qeyd etmək istədiyim digər əhəmiyyətli məqam uzun və həll olunmamış münaqişələrdir ki, onlar da zorakı ekstremizm üçün münbit zəmin yaradır. Belə münaqişələr zorakı ekstremist qruplara 2015-ci ilin dekabrında BMT Baş katibi tərəfindən təqdim edilən BMT Zorakı Ekstremizmin Qarşısının Alınması üçün Fəaliyyət Planında haqlı olaraq qeyd olunduğu kimi ərazini, resursları qəsb etmək və əhalini nəzarətdə saxlamaq məqsədilə vəziyyətdən faydalanmağa imkan verir. Bu münaqişələrin həlli zorakı ekstremizmin özülünü ciddi sarsıdacaq və onun "mənəvi" liderləri və tərəfdarlarını tərksilah edəcəkdir. Biz xüsusilə zorakı ekstremizm və separatizm arasında əlaqənin böyüməsindən narahatıq. Separatist ideologiyalarla alovlandırılmış şiddət və ekstremizm özünü xüsusilə münaqişə və münaqişədən sonrakı vəziyyətlərdə büruzə verir və öz sıralarına cəlb etmək və dəstək qazanmaq üçün terror təşkilatlarına yaxşı fürsət yaradır.

Biz eyni zamanda etiraf edirik ki, mədəniyyətlərarası dialoq, dözümlülük və zorakı ekstremizmə qarşı mübarizənin təşviq edilməsi geniş qaçqın və miqrant axını kontekstində artan əhəmiyyətini qazanmışdır. Öz doğma evlərindən didərgin salınan bir milyondan artıq qaçqın və məcburi köçkünü olan Azərbaycan bu problemi dərindən anlayır. Təhlükəsizliyin və qaçqın və məcburi köçkünlərin ləyaqətli şəkildə geri qayıtmasının təmin edilməsi beynəlxalq səylərin mərkəzində olmalıdır.

Hörmətli dostlar,

Ümid edirəm ki, bizim müzakirələrimiz konkret nəticələrlə yekunlaşacaq və bir tərəfdən stereotip və səhvlərin, düşmənçilik və kinin aradan qaldırılması məqsədi tələb olunan tədbirləri səmərəli edəcək, digər tərəfdən isə müxtəlif mədəniyyət və dinlərə məxsus xalqlar arasında sülh, dialoq və qarşılıqlı hörməti möhkəmləndirəcək.

Sağ olun.

növbəti xəbər əvvəlki xəbər

DİPLOMATİYA ALƏMİ JURNALİ