2017-03-16
No: 70/17, Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstan İslam Respublikasının xarici işlər nazirinin müavini Hikmət Xəlil Karzaini qəbul edib

Görüşdə Azərbaycan və Əfqanıstan arasında dostluq və əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu. İki ölkənin rəhbərləri arasında yüksək səviyyəli dialoqun və bu xüsusda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əfqanıstan İslam Respublikasının Prezidenti cənab Məhəmməd Əşrəf Qani ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşünün əlaqələrin inkişafına xüsusi təkan verdiyi qeyd olundu.

Nazir Elmar Məmmədyarov Azərbaycanın 2017-ci il üzrə “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə həmsədrlik funksiyasını öz üzərinə götürdüyünü diqqətə çatdıraraq, 17 mart tarixində İstanbul Prosesində iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin Bakıda keçiriləcək iclasının bu təşəbbüsə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Nazir müavini Hikmət Karzai ölkəsinin İstanbul Prosesinə xüsusi əhəmiyyət verdiyini qeyd edərək Azərbaycanın 2017-ci il üzrə İstanbul Prosesinə həmsədrlik etməsinin yüksək qiymətləndirildiyini vurğuladı.

Hikmət Karzai Əfqanıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini qeyd etdi. O, Əfqanıstanın Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin İslam həmrəyliyi ili elan edilməsi təşəbbüsünü tam şəkildə dəstəklədiyini qeyd edərək, ölkəsinin idmançılarının İslam həmrəylik oyunlarında yaxından iştirak edəcəyini dedi.

Həmçinin, Azərbaycanın NATO-nun Qətiyyətli dəstək missiyasına verdiyi töhfəsi də təqdir olundu.

Görüşdə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, nəqliyyat, elm-təhsil, təlim və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər

DİPLOMATİYA ALƏMİ JURNALİ