2017-03-14
No: 66/17, Xarici işlər nazirinin müavini Xələf Xələfov Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin sədr müavini Sun Tsin-vu ilə görüşüb

14 mart 2017-ci tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov ölkəmizdə səfərdə olan Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyətinin sədr müavini Sun Tsin-vu ilə görüşüb.

Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyəti nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətini qeyd edən nazir müavini Xələf Xələfov Azərbaycan Respublikasının Çin Xalq Respublikası ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirdi.

Sun Tsin-vu təmsil etdiyi Xarici Ölkələrlə Çin Xalq Dostluq Cəmiyyəti nümayəndə heyətinin Heydər Əliyev Fondunun dəvəti ilə Azərbaycanda səfərdə olmaqdan məmnunluq ifadə etdi.

Xalq diplomatiyasının təşviqi istiqamətində Fond və Cəmiyyət arasında əməkdaşlıq təqdirəlayiq hesab edildi və bunun insanlararası təmasların artırılmasında əhəmiyyəti qeyd olundu.

Həmçinin, regionlararası əməkdaşlığın genişləndirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında siyasi, iqtisadi, ticarət, enerji, mədəniyyət, turizm, təhsil kimi sahələrdə əməkdaşlıq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə yüksək səviyyədə olduğu qarşılıqlı şəkildə vurğulandı. İki ölkənin Çinin “Bir Yol, Bir Dəhliz” layihəsi çərçivəsində əməkdaşlıq imkanları qeyd olunaraq, Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri istiqamətində Azərbaycan Respublikasının irimiqyaslı layihələr həyata keçirdiyi və vacib coğrafi məkana uyğun olaraq, güclü tranzit qovşaq infrastrukturu yaratdığı bildirildi. 

Nazir müavini Azərbaycan Respublikasının Vahid Çin siyasətini dəstəklədiyini bildirərək, Çin Xalq Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrin qəbulunda BMT TŞ-nin daimi üzvü kimi oynadığı əhəmiyyətli roluna və münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində həll edilməsinə dair nümayiş etdirdiyi mövqeyinə görə təşəkkür etdi.

Öz növbəsində Tsin-vu Çin Xalq Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT TŞ-nin müvafiq qətnamələri və Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinə dair mövqeyini təsdiqləyərək, Azərbaycan Respublikasının Vahid Çin siyasətini dəstəklədiyini yüksək qiymətləndirdi.

Sonda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə birgə tədbirlərin keçirilməsi qarşılıqlı şəkildə dəstəkləndi.

növbəti xəbər əvvəlki xəbər