2017-02-24
No: 50/17, Xarici işlər naziri Elmar Məmmədyarov və Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə naziri Mahmud Əli Yusufun birgə mətbuat konfransı

Elmar Məmmədyarov: Hörmətli xanımlar və canablar! Bildiyiniz kimi, mənim dosum, qardaşım, Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə naziri Mahmud Əli Yusuf Azərbaycanda səfərdədir. Azərbaycan-Cibuti münasibətləri uzun tarixə malikdir. Azərbaycan müstəqillik qazanandan sonra 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə müzakirə olunanda Cibutinin həmin vaxt BMT-dəki daimi nümayəndəsi qətnamənin qəbul olunması üçün çox böyük səy göstərdi. O, çox təsssüf ki indi sağ deyil. Cibuto həmin vaxt BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü idi. Mən bugünkü görüşdə bunun üçün həmkarıma və Cibuti xalqına öz dərin təşəkkürümü bildirdim. Bildiyiniz kimi, bu yaxınlarda Cibuti parlamenti Xocalı soyqırımını ən qəti ifadələrlə pisləyən qətnamə qəbul edib. Bundan əlavə, bizim Cibuti ilə əməkdaşlığımız İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində davam etdirilir. Bİz, iqtisadi, humanitar və mədəni sahələrdə də əməkdaşlığı genişləndirməliyik. Bu gün bir sıra birgə layihələr haqqında danışdıq. Onlardan bəziləri həyata keçirilməkdədir, bəziləri başlanğıc mərhələdədir. Mülki aviasiya qurumumuz Cibutiyə yük daşınması üçün uçuş xətti açmağa maraq göstərir. Nümayəndə heyətlərimiz Cibutiyə səfər ediblər və müzakirələr aparıblar. Cibuti Portu və Azad Zonalara dair qurumun rəhbərliyi Azərbaycanın təcrübəsi ilə tanış olmaq üçün ölkəmizə səfər edib. Eyni zamanda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbərliyi Cibutiyə səfər edib.

Sonra cənab nazir Cibuti vətəndaşlarının Azərbaycanda təhsil alması imkanlarına dair məsələ qaldırdı. Cibuti tərəfi xüsusilə informasiya texnologiyaları sahəsində mütəxəssislər yetişdirməkdə maraqlıdır. Həmçinin həmkarım təbii fəlakətlər, fövqəladə hallar zamanı Azərbaycan tərəfinin yardım göstərməsini xahiş etdi.

Bu gün biz XİN-lər arası siyasi məsləhətləşmələr mexanizminə dair Anlaşma Memorandumu imzaladıq. Cibutinin coğrafi vəziyyəti çox stratejidir. Cibutinin yerləşdiyi region, həmçinin Azərbaycanın yerləşdiyi region haqqında qarşılıqlı fikir mübadiləsi apardıq. Həmçinin inkişaf və yardım proqramlarından danışdıq. Məlumdur ki, XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) Şimali Afrikada inkişaf proqramları həyata keçirir. Azərbaycan həkimləri 12 Afrika ölkəsində göz müalicəsi ilə məşğul olurlar. Cibuti ilə də tibbi avadanlıqların təhcizatı, tibbi yardım göstərilməsi, birgə yardım proqramlarının həyata keçirilməsi məsələlərini müzakirə etdik.

Sual-cavab:

Sual (Caspian Broadcasting Company): İlk növbədə, Cibuti parlamentinə Xocalı ilə bağlı qəbul etdiyi qətnaməyə görə təşəkkürümü bildirirəm. Sualım iqtisadiyyata dairdir. Cibuti ilə iqtisadi sahədə əməkdaşlıq inkişaf edir. Bildiyimiz qədər, Azərbaycan şirkətləri Cibutidə tikilən yeni beynəlxalq hava limanında iştirak etməlidirlər. Bu məsələ nə yerdədir? Həmçinin AZAL ilə Cibutinin müvafiq qurumu arasında imzalanmış saziş nə haqqındadır? Görülən işlər nəyi əhatə edir? Bir də Cibuti ilə Azərbaycan arasında yükdaşıma şirkəti yaradılmalı idi. Bu məsələ necə oldu?

Elmar Məmmədyarov: Bir məqamı da mən əlavə edim. Biz Cibutiyə Afrikada böyük nəqliyyat qovşağı kimi baxırıq. Buna görə AZAL və Beynəlxalq Dəniz Ticarət Limanı daxil olmaqla bizim müvafiq qurumlar arasında imzalanmış sazişlər təkcə ikitərəfli deyil, həmçinin beynəlxalq səviyyədə yüklərin daşınması üçün imkanlar yaradacaqdır.

Sual (APA): İki sualım var. Cənab nazir, sizin mart ayında Rusiyaya rəsmi səfəriniz olacaq. Orada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr hansı formada olacaq? Həmçinin Rusiya və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi tamam olur. Bununla bağlı hansısa tədbirlər keçiriləcəkmi? Ümumiyyətlə, siz Rusiya-Azərbaycan münasibətlərinin hazırkı durumunu necə qiymətləndirirsiniz? Həmsədrlərin regiona səfəri planlaşdırılırmı? Səfər hansı ölkədən başlayacaq? Son zamanlar təmas xəttində gərginliklər artıb. Bununla bağlı nə deyə bilərsiniz?

Elmar Məmmədyarov: Bəli, mart ayında Rusiyaya rəsmi səfər edəcəyəm. İlk növbədə həmkarım Sergey Lavrov ilə görüşəcəyəm və həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəyik. Sonra Hökumətlərarası komissiyanın fəaliyyəti ilə bağlı Nazirlər Kabinetində görüş olacaq. Çox güman ki Rusiyanın Dövlət Dumasında da görüş olacaq. Rusiya tərəfi təklif etdi ki Diplomatik Akademiyada çıxış edim. Mən təklifi məmnuniyyətlə qəbul etdim. Mən özüm orda oxumuşam. Orda çıxış etmək mənim üçün şərəfdir. Həmçinin S.Lavrov ilə birlikdə diplomatik münasibətlərin 25 illiyi ilə bağlı fotosərginin açılışını etmək təklifi də var.

Münaqişə ilə bağlı təəssüf ki hələki nikbin xəbər yoxdur. Ermənistan tərəfinin çıxışlarını gördünüz. Hər dəfə Azərbaycan tərəfini günahlandırır və deyir ki bu beynəlxalq təşkilatların mövqeyidir. Lakin siz təhlil etsəniz görərsiniz ki, bütün beynəlxalq təşkilatlar öz qətnamə və qərarlarında birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Münaqişə sülh yolu ilə həll olunmalıdır. Hamı da bilir ki buna kim maneə törədir. Onlar bu planı qəbul etsə idilər biz çoxdan irəli gedə bilərdik. Rusiya Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Mən görüşdə bu məsələyə də toxunacam. Status – kvonun dəyişdirilməsi üçün hansı addımların atılmasının vacibliyini müzakirə edəcəyik. Mən Ria-Novostiyə açıqlamamda da dedim ki məsələ necə həll olunmalıdır. Yazılı plan da vardır. Prezidentlərin Sankt-Peterburq görüşündə bu ciddi müzakirə olunub. Hamı bilir ki münaqişənin həllində irəliləyiş üçün hansı planlar masa üzərindədir. Biz bilirik ki münaqişəni bir günə həll etmək mümkün deyil. İlk növbədə işğalçı qoşunlar çıxarılmalıdır. Həmsədrlərə gəldikdə, martda səfər edəcəklər. Dünən mən onlarla danışmışam. Onlar həm Bakıya, həm də İrəvana səfər etmək istəyirlər. Çox güman ki yaxınlarda biz bununla bağlı açıqlama verəcəyik. Amma həmsədrlərin regiona səfəri planlaşdırılır.

Sual (APA): Sualım Cibutinin xarici işlər nazirinədir. Münaqişə ilə bağlı Rusiyanın, həm də beynəlxalq təşkilatların mövqeyi bəllidir. Qətnamələri də hamı bilir. Cibuti bundan sonra hansı addımları ata bilər ki, beynəlxalq ictimaiyyət Ermənistanı bu qətnamələri icra etməyə məcbur etsin. Təkcə Cibuti deyil, bütövlükdə beynəlxalq aləm hansı addımı atmalıdır?

Elmar Məmmədyarov: Mən həmkarımla eyni mövqeyi paylaşıram. BMT-də münaqişə ilə bağlı qətnamələr, xüsusilə 822 və 853 saylı qətnamələr qəbul olunanda qoşunların çıxarılması barədə vaxt cədvəli də göstərilib. Qətnamələrdə digər məsələlər də olub. Lakin əsas məsələ olaraq qoşunların çıxarılması tələb olunub. Kimsə indi deyirsə qətnamələr atəşkəs haqqındadır, bu yanlışdır. Cənab nazirin dediyi kimi təəssüf ki icra olunmada problemlər var. Bəziləri dərhal icra olunur. Bəziləri illərlə icra olunmur. Biz münaqişə ilə bağlı Cibutinin mövqeyini yüksək qiymətləndiririk.

Mətbuat konfransının video görüntüsünü buradan izləyə bilərsiniz.

növbəti xəbər əvvəlki xəbər
AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ