2017-01-20
No: 08/17, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov etimadnaməsini Gürcüstan Prezidenti cənab Giorgi Marqvelaşviliyə təqdim edib

20 yanvar 2017-ci il tarixində Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstan Prezidenti cənab Giorgi Marqvelaşvili tərəfindən qəbul edilib.

Səfir Dursun Həsənov etimadnaməsini Gürcüstan Prezidenti cənab Giorgi Marqvelaşviliyə təqdim edib.

Gürcüstan Prezidenti səfir Dursun Həsənovu yeni təyinatı münasibəti ilə təbrik edərək, diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Səfir Dursun Həsənov Prezident cənab İlham Əliyevin salamlarını Gürcüstan Prezidenti cənab Giorgi Marqvelaşviliyə çatdırıb. Ölkəmizin strateji tərəfdaşı olan dost ölkə Gürcüstana təyin olunmağında yüksək etimadı doğrultmaq üçün bütün səylərini və gücünü səfərbər edəcəyini bildirib. Gürcüstan Prezidenti öz növbəsində ən səmimi salamları və xoş arzularının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib.

Gürcüstan Prezidenti iki ölkə arasında yüksək səviyyəli siyasi, iqtisadi əlaqələrin eləcə də bir çox energetika, nəqliyyat, ticarət layihələrinin mövcud olduğunu bildirərək, mədəni və turizm əlaqələrinin də inkişaf etdirilməsinin zəruriliyini bildirib. Turizm sahəsində Qara dəniz və Xəzər hövzəsi ölkələri ilə, xüsusi ilə Azərbaycanla Gürcüstan arasında yeni turizm layihələrinin təşkil edilməsi istiqamətində müvafiq işlərin görülməsinə böyük ehtiyac olduğunu qeyd edib və bu cür layihələrin həyata keçirilməsinin xalqlarımızın maddi və mənəvi rifahının yüksəlməsinə xidmət edəcəyini bildirib. Gürcüstan Prezidenti cənab Giorgi Marqvelaşvili ikitərəfli əlaqələrin daha da dərinləşməsində böyük potensialın olduğunu qeyd edib.

Səfir Dursun Həsənov iki ölkə arasında ikitərəfli və çoxtərəfli siyasi əlaqələrlə yanaşı, həmçinin iqtisadi, humanitar və digər sahələr üzrə əlaqələrimizin də inkişaf etdiyini qeyd edərək, siyasi sahədə qarşılıqlı dəstəklərin, siyasi bəyanatların, iqtisadi sahədə isə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP, Cənub Qaz dəhlizi layihələrinin eləcə tarixi Ipək Yolunun bərpasında böyük rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat layihəsinin reallaşmasının sözügedən əlaqələri daha da inkişaf etdirəcəyinə əminlik yaratdığını vurğulayıb.

 

növbəti xəbər əvvəlki xəbər
AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ