2016-12-28
Xarici işlər naziri Elmar Məmmədyarov İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla İran arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etdirilməsindən, o cümlədən ölkələrimiz arasında ticarət dövriyyəsinin və sərmayə qoyuluşunun artımı, habelə kənd təsərrüfatı, nəqliyyat, turizm, sənaye və digər istiqamətlərdə uğurlu inkişafdan məmnunluq ifadə olundu.

Mahmud Vaezi Dövlət Komissiyanın fəaliyyəti və əldə olunan nailiyyətlər barədə məlumat verdi, İranın bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı dərinləşdirmək niyyətində olduğunu vurğuladı.

Nazir Elmar Məmmədyarov iki ölkənin dövlət başçılarının iradəsinə, müəyyən etdikləri strateji xəttə və xalqlarımızın ənənəvi dostluğuna uyğun olaraq Azərbaycanın da İranla bütün sahələrdə əməkdaşlığı daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi və Dövlət Komissiyasının işini, xüsusilə Mahmud Vaezinin fəaliyyətini yüksək qiymətləndirdi.

Görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisi istiqamətində hazırda görülən işlər, layihənin əhəmiyyətindən söz açıldı və bu layihənin regionlararası əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminlik ifadə edildi. Tərəflər bu ilin avqustunda Bakıda keçirilmiş Azərbaycan-İran-Rusiya dövlət başçılarının üçtərəfli görüşünün əhəmiyyətini qeyd edərək, bu formatda İranda keçiriləcək növbəti görüşü müzakirə etdilər.

Regional məsələləri müzakirə edən nazirlər, terrorizmə qarşı birgə mübarizə və informasiya mübadiləsinin vacibliyini vurğuladılar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

növbəti xəbər əvvəlki xəbər
AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ