2012-09-28
Nazir Elmar Məmmədyarov QDİƏT xarici işlər nazirlərinin toplantısında iştirak etmişdir.
BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Xarici İşlər Naziri Elmar Məmmədyarov 27 sentyabr tarixində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin toplantısında iştirak etmişdir. 
 
İclasda əsasən təşkilatın səmərəliliyinin artırılması istiqamətində görüləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılmışdır. Nazir Elmar Məmmədyarov öz çıxışında hazırda təşkilata sədrlik edən Türkiyəyə və təşkilatın yeni baş katibinə uğurlar arzulamışıdr.
 
Nazir öz çıxışında təşkilat çərçivəsində səmərəli qərarvermə mexanizminin yaradılması və islahatların canlandırılmasının əhəmiyyətini qeyd etmişdir. E. Məmmədyarov ötən Zirvə Toplantısında qəbul olunmuş QDİƏT-in İqtisadi Gündəliyinin icra olunmasının təşkilatın iqtisadi imkanlarının artmasına gətirib çıxaracağını vurğulamış və Gündəliyin icrası üçün xüsusi Fəaliyyət Planının işlənib hazırlanmasının zəruriliyinə diqqət çəkmişdır. Azərbaycanın Xarici İşlər Naziri öz çıxışında QDİƏT-in müxtəlif beynəlxalq təşkilatlarla dialoq və əməkdaşlığı alqışladığını və bu dialoqun xüsusi  əhəmiyyətini nəzərə çatdırmışdır.  
 
Nazir həmçinin QDİƏT-ə üzv ölkələrdə həlli uzadılmış münaqişələrin iqtisadi inteqrasiya meyllərinə mənfi təsir etdiyini və bu münaqişələrin həllinin vacibliyini bildirmişdir. 

 

növbəti xəbər əvvəlki xəbər