2012-09-27
Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir.
Cari ilin 27 sentyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Almaniya Federadiv Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir. Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirinin müavini Xələf Xələfov, Almaniya Federativ Respublikasının nümayəndə heyətinə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi elçisi, səfir xanım Antye Lendertze başçılıq etmişdir.
 
Nazir müavini Xələfov Xələfov Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd etmişdir. Almaniyanın Azərbaycan üçün vacib strateji ölkə olduğunu diqqətə çatdıran Xələf Xələfov mövcud əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensialın olduğunu vurğulamışdır. Xələf Xələfov həmçinin iki ölkə parlamentləri arasında təmasların artırılmasının əhəmiyyətini vurğulamış və bunun ikitərəfli münasibətlərin vacib komponenti olduğunu diqqətə çatdırmışdır.
 
Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışan nazir müavini X. Xələfov münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarının hazırkı vəziyyətindən bəhs etmişdir. O, qeyd etmişdir ki, Ermənistan müxtəlif bəhanələr gətirməklə münaqişənin sülh yolu ilə həllini uzadır. Mövcud status kvonun Azərbaycan üçün qəbuledilməz olduğunu vurğulayan nazir müavini bildirmişdir ki, münaqişənin həllinin uzanması regionun Avro-Atlantik məkana inteqrasiyasına əsas maneə təşkil edir. Münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələri Azərbayanın işğal olunmuş ərazilərini tərk etməli və məcburi köçkünlər öz doğma yerlərinə qayıtmalıdırlar.
 
Almaniya nümayəndə heyətinin başçısı, xanım Antye Lendertze ölkəmizə səfərindən və ölkələrimiz arasında müxtəlif sahələrdə faydalı əməkdaşlığın mövcudluğundan məmnunluğunu bildirmişdir. Azərbaycanı ölkəsi üçün strateji tərəfdaş və regionda əsas partnyor ölkə hesab etdiyini qeyd edərək, bu kimi məsləhətləşmələrin müntəzəm keçirilməsinin mövcud münasibətlərin genişlənməsinə töhfə verdiyini diqqətə çatdırmşdır. Azərbaycanın regionda və beynəlxalq arenada nüfuzunun artdığını və BMT TŞ-nin qeyri-daimi üzvü kimi ölkəmizlə müxtəlif çoxtərəfli formatlarda əməkdaşlığa və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinə xüsusi əhəmiyyət verdiklərini nəzərə çatdırmışdır.
 
İqtisadi sahədə iki ölkə arasında mövcud olan imkanlara diqqət çəkən alman tərəfi, qarşlılıqlı investisiyaların, xüsusilə kiçik və orta həcmli şirkətlərin fəaliyyətinin təşviq edilməsinin əhəmiyyətini qeyd etməklə yanaşı, böyük alman şirkətlərinin də Azərbaycan tərəfindən elan olunmuş tenderlərdə iştirakını ön plana çəkmişdir. Xanım Antye Lendertze ikitərəfli iqtisadi əlaqələrin inkişafı baxımından olduqca mühüm olan Azərbaycan-Almaniya Ticarət Palatasının yaxında fəaliyyətə başlamasını xüsusilə qeyd etmişdir.
 
Xanım Antye Lendertze həmçinin, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolunu qeyd etmiş, bu sahədə əməkdaşlığın vacibliyini vurğulamışdır. Azərbaycanın avro-atlantik strukturlara inteqrasiya prosesindəki əldə etdiyi uğurları yüksək qiymətləndirən qonaq, ölkəmizin BMT və digər beynəlxalq təşkilatlarda konstruktiv rol oynadığını bildirmişdir. 
 
  
növbəti xəbər əvvəlki xəbər