2012-09-27
GUAM-a üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 18-ci iclası keçirilmişdir.
BMT Baş Assambleyasının 67-ci sessiyası çərçivəsində cari ilin 26 sentyabr tarixində Demokratiya və İqtisadi inkişaf uğrunda təşkilat olan GUAM-a üzv olan dövlətlərin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 18-ci iclası keçirilmişdir. 
 
Sözügedən iclasda Azərbaycan Respublikasının Xarici İşlər Naziri E. Məmmədyarov, Gürcüstanın Xarici İşlər Naziri Q.Vaşadze, Ukraynanın Xarici İşlər Naziri K. Qrişenko, Moldova Respublikasının ABŞ-dakı Fövqəladə və Səlahiyyətli Səfiri İ. Muntyanu və GUAM-ın Baş Katibi V. Çeçelaşvili iştirak etmişlər. 
 
Tərəflər iclasın gündəliyinə uyğun olaraq aşağıdakı məsələləri müzakirə ediblər:
 
-  BMT Baş Assambleyasının 66-cı sessiyasının gündəliyinin 35-ci bəndinə uyğun olaraq GUAM məkanında həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsirləri barədə qarşılıqlı fikir mübadiləsinin aparılması;
 
- Xarici İşlər Nazirləri Şurası BMT Baş Assambleyasının növbəti sessiyasında “BMT və Demokratiya və İqtisadi inkişaf uğrunda təşkilat olan GUAM arasında əməkdaşlıq” adlı qətnamə layihəsinin irəli sürülməsi barədə razılığa gəldilər;
 
- XİNŞ GUAM Parlament Assambleyasının Sədrinin növbəti iclasın 19-20 dekabr 2012-ci il tarixlərində Bakıda keçirilməsinə dair qərarını alqışladı; 
 
- XİNŞ kiber təhdidlərə qarşı mübarizə, nüvə təhlükəsizliyi, kütləvi tədbirlər zamanı təhlükəsizlik kimi yeni sahələrdə əməkdaşlıq təşəbbüslərini dəstəkləyib;
 
- XİNŞ Nəqliyyat üzrə İşçi Qrupuna tövsiyə etmişdir ki, GUAM nəqliyyat dəhlizinin inkişafı üçün Konsepsiyanın qəbul edilməsi məqsədilə bu sahənin məsul qurumlarının rəhbərlərinin görüşünü təşkil etsin;
 
- XİNŞ GUAM-Yaponiya arasında əməkdaşlığa dair proqramın layihəsi barədə razılığa gəldilər.  
 
 

 

növbəti xəbər əvvəlki xəbər