2012-08-02
Nazir Elmar Məmmədyarov Perunun Xarici Ticarət və Turizm Naziri Jose Luis Silva Martinot ilə görüşmüşdür.

Peru Respublikasına səfəri çərçivəsində Nazir Elmar Məmmədyarov bu ölkənin Xarici Ticarət və Turizm Naziri  Jose Luis Silva Martinot ilə görüş keçirmişdir.

Jose Martinot ilk öncə ölkəsinin iqtisadiyyatı və ticarət əlaqələri barədə məlumat vermiş və Azərbaycanla iqtisadi münasibətlərin qurulmasında maraqlı olduqlarını bildirmişdir. Turizm sahəsində həm Avropa, həm də Latın Amerikası ölkələri ilə geniş əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdıran Jose Martinot ölkəsinin əlverişli investisiya mühitindən söz açmışdır. O, həmçinin Azərbaycandan investisiya cəlb edilməsi üçün müvafiq imkanların yaradılmasına hazır olduqlarını bəyan etmişdir. 

Nazir Elmar Məmmədyarov iki ölkə arasındakı iqtisadi əməkdaşlığın səviyyəsinin yüksəldilməsi və Azərbaycanla Peru arasında iqtisadi-ticarət əlaqələrin genişləndirilməsi üçün müxtəlif səviyyəli səfərlərin təşkilinin, biznes forumların keçirilməsinin əhəmiyyətini vurğulamışdır.  Ölkəmizin energetika sahəsində müxtəlif materiklərdəki ölkələrlə, o cümlədən Latın Amerikası dövlətləri ilə əməkdaşlıq təcrübəsinin olduğunu diqqətə çatdıran Elmar Məmmədyarov bu sahədə əməkdaşlığın yaradılmasının hər iki  tərəf üçün faydalı olacağına əminlik ifadə etmişdir.  

Sonda Elmar Məmmədyarov Jose Martinotu Azərbaycana rəsmi səfərə dəvət etmişdir. Öz növbəsində Perulu Nazir dəvəti məmnuniyyətlə qəbul etmiş və iş adamlarından ibarət nümayəndə heyəti ilə ölkəmizə səfər etmək əzmində olduğunu bildirmişdir.

növbəti xəbər əvvəlki xəbər