2012-07-30
Nazir Elmar Məmmədyarov Uruqvay Respublikasının Prezidenti Xose Muxica Kordano tərəfindən qəbul edilmişdir.

Cari ilin 27 iyul tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Uruqvay Şərq Respublikasına rəsmi səfər etmişdir.

Nazir Elmar Məmmədyarov səfər çərçivəsində ilk olaraq Uruqvay Respublikasının Prezidenti Xose Muxica Kordano tərəfindən qəbul edilmişdir.

Uruqvay Prezidenti Azərbaycandan Uruqvaya həyata keçirilən bu ilk rəsmi səfərdən məmnunluğunu ifadə etmiş və bu səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına böyük təkan verəcəyinə əmin olduğunu bildirmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Uruqvay dövlət başçısına çatdıran nazir Elmar Məmmədyarov Azərbaycan Prezidenti tərəfindən uruqvaylı həmkarına ünvanlanmış Azərbaycana rəsmi səfərə dəvət məktubunu Xose Muxica Kordanoya təqdim etmişdir.

Prezident Jose Mujica Kordano öz növbəsində onun da salamlarını və xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş etmiş, habelə dəvətə görə təşəkkürünü bildirmişdir.

Nazir  Elmar Məmmədyarov Uruqvay Prezidentinə ölkəmizin inkişaf strategiyası, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən transmilli layihələr, habelə Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər, xüsusilə də BMT TŞ-nın qətnamələri,  münaqişənin nizamlanmasına dair ölkəmizin mövqeyi, o cümlədən münaqişənin nizamlanmasının regionun inkişafı və çiçəklənməsinə verəcəyi töhfələr barədə ətraflı məlumat vermişdir.

Görüşdə Azərbaycan və Uruqvayın öz regionlarında strateji əhəmiyyətə və sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələr olduğu bildirilmiş, iki ölkə arasında əlaqələrin inkişafı üçün geniş potensialın olduğu vurğulanmışdır. Həmçinin, iqtisadi sahədə geniş əməkdaşlıq imkanlarından, enerji, kənd təsərrüfatı, əczaçılıq, informasiya texnologiyaları sahəsində qarşılıqlı faydalı ticarət və sərmayə imkanları barədə, eləcə də regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

   

 

növbəti xəbər əvvəlki xəbər