2012-06-28
Nazir Elmar Məmmədyarov Rumıniya Prezidentinin Məsləhətçisi İulian Chifunu qəbul etmişdir.

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Rumıniya Prezidentinin Strateji Məsələlər, Təhlükəsizlik və Xarici Siyasət üzrə Məsləhətçisi İulian Chifunu qəbul etmişdir.

Görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlıq imkanları və regional proseslər, eləcə də enerji layihələri barədə müzakirələr aparılmışdır.

Azərbaycanın geostrateji əhəmiyyətini qeyd edən İulian Chifu ölkəmizin Əfqanıstandakı sülhməramlı fəaliyyətini və tranzit ölkə kimi regiondakı rolunu yüksək qiymətləndirmişdir. Rumıniyalı qonaq həmçinin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən 20-ci Sammitində imzalanan Yekun Bəyannamənin əhəmiyyətini də vurğulamışdır.

Nazir Elmar Məmmədyarov Azərbaycanın regionda apardığı xarici siyasətinin ölkəmizin milli maraqları üzərində qurulduğunu diqqətə çatdırmışdır.

Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları müzakirə olunmuşdur.  

    

növbəti xəbər əvvəlki xəbər