2012-06-14
Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı İraq Respublikasına səfər etmişdir.

Cari ilin 10-13 iyun tarixlərində Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı (Səfir E.Araslı eyni zamanda İraqda da akkreditə olunub) İraq Respublikasına səfər etmişdir. Səfər çərçivəsində Səfir E.Araslının İraq Respublikasının yüksək vəzifəli rəsmiləri ilə görüşləri baş tutmuşdur.

İraqın  Baş naziri N.Malikinin siyasi məsələlər üzrə müşaviri Corc Bakos ilə keçirilmiş görüşdə müxtəlif sahələrdə,  xüsusilə siyasi, iqtisadi və humanitar sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi perspektivləri və tərəflərin konkret təklifləri barədə fikir mübadiləsi aparılmış, həmçinin ölkənin daxili-siyasi vəziyyəti və regionda cərəyan edən hadisələr müzakirə edilmişdir.

Xarici İşlər Nazirinin müavini Labid Məcid Abbavi ilə söhbət zamanı  2012-ci il ərzində Azərbaycan-İraq Hökumətlərarası Birgə Komissiyasının ilk iclasının Bakıda keçirilməsi imkanları, iki ölkə arasında qarşılıqlı yüksək səviyyəli görüşlərin təşkili, ikitərəfli əməkdaşlıq imkanları, İraqda Azərbaycan səfirliyinin açılması və ölkənin bərpası barədə fikir mübadiləsi aparılmışdır.

Baş tutmuş görüşlər zamanı İraq tərəfinə ölkəmizin tarixini, mədəniyyətini və iqtisadiyyatını əks etdirən məlumat topluları təqdim edilmişdir.

növbəti xəbər əvvəlki xəbər