2012-06-11
Nazir Elmar Məmmədyarov Niderland Krallığının Baş Nazirin müavini cənab Maksim Verhagenlə görüşmüşdür.

Niderland Krallığında rəsmi səfərdə olan Xarici İşlər Naziri Elmar Məmmədyarov 11 iyun 2012-ci il tarixində Niderland Krallığının Baş Nazirin müavini, eyni zamanda İqtisadi Məsələlər, Kənd Təsərrüfatı və İnnovasiya Naziri cənab Maksim Verhagenlə görüşmüşdür.

Ölkəmiz haqqında ümumi məlumat verən Nazir Elmar Məmmədyarov, Azərbaycan Respublikasının regional layihələrin aktiv iştirakçısına çevrildiyini və dinamik inkişafına görə regionun lider dövləti olduğunu bildirmişdir. Nazir iki ölkə arasında enerji, qeyri-neft sektoru, alternativ və bərpa olunan enerji, fövqəladə halların, xüsusən də daşqınlar və təbii fəlakətlərin qarşısının alınması sahəsində əməkdaşlığın inkişafının vacibliyini bildirmişdir. Həmçinin, ölkəsinin kənd təsərrüfatı, innovasiya texnologiyalarının tətbiqi, nəqliyyat infrastrukturun təkmilləşməsi, su idarəçiliyi, kanal təsərrüfatı və digər sahələrə əməkdaşlığa böyük önəm verdiyini deyən Nazir Məmmədyarov, Niderland şirkətlərini bu sahədə işbirliyinə çağırmışdır.

Nazir Elmar Məmmədyarov fürsətdən istifadə edərək cənab Maksim Verhageni Azərbaycana işgüzar səfərə dəvət etmişdir və səfər çərçivəsində Azərbaycan və Niderlandın işgüzar dairələri arasında biznes forumun təşkil olunması təklifini irəli sürmüşdür.  

Dəvətini böyük məmnuniyyətlə qəbul edən Maksim Verhagen Azərbaycana xüsusi rəğbətlə yanaşdığını, ölkənin dinamik inkişafından təəssüratlandığını bildirmişdir. Verhagen beynəlxalq aləmdə Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edildiyini, Niderlandın Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu bildirərək, gələcəkdə qeyd olunan sahələrdə əlaqələrin genişlənməsinin vacibliyini vurğulamışdır.

Nazir E.Məmmədyarovun Niderland Krallığına səfərinin ölkələr arasındakı əməkdaşlığın inkişafına təkan verəcəyinə, əlaqələrin daha da sürətlənəcəyinə ümid etdiyini bildirən M.Verhagen Azərbaycana səfəri çərçivəsində biznes forumun keçirilməsinin iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına töhfə verəcəyini bildirmişdir. 

Görüşdə qarşılıqlı şəkildə Səfirliklərinin fəaliyyətinin iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyi ifadə olunmuşdur. 

      

növbəti xəbər əvvəlki xəbər