2012-06-07
Xarici İşlər Nazirinin müavini X.Xələfov Slovakiya və Avstriya Respublikalarına səfər etmişdir.

Cari ilin 4 iyun tarixində Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini X.Xələfov Slovakiya Respublikasına səfəri zamanı ölkə Parlamentinin Vitse-prezidenti xanım Renata Smaykoviçova ile görüş keçirmişdir.Görüş zamanı iqtisadi,mədəni və humanitar mövzular ətrafında fikir mübadiləsi aparılmış,ölkələr və xüsusən parlamentlərarası əlaqələrin gələcəkdə inkişaf istiqamətləri araşdırılmışdır. Azərbaycanla bütün sahələrdə münasibətlərin dərinləşdirilməsində maraqlı olduqlarını bildirən xanım Renata Smaykoviçova,Respublikamız üçün ən həssas mövzu olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunmuşdur. Torpaqlarımızın işğalından və onun ağır nəticələrindən xəbərdar olduğunu bildirən xanım Renata Smaykoviçova, məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini vurğulamışdır.

Həmin gün cənab X.Xələfov Slovakiyanın Xarici İşlər Nazirinin müavini, Dövlət Katibi cənab Peter Burianla görüşmüş, siyasi məsləhətləşmələr aparılmışdır. Qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanmış, bu səfərlərin ölkələrimiz arasında mövcud olan münasibətlərin möhkəmləndirilməsinə və dərinləşdirilməsinə xidmət edəcəyi əminliklə qeyd olunmuşdur. Ölkələr arasında müqavilə-hüquq bazasının zənginləşdirilməsi, Regionlar səviyyəsində münasibətlərin qurulması, iqtisadi, mədəni və humanitar sahələrində əməkdaşlığın inkişafı mövzuları müzakirələrdə öz yerini tapmışdır. Ermənistan-Azərbaycan münaqişəsindən çıxış yollarına dair  fikir mübadiləsi aparılmış, Slovakiya tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınması bir daha təsdiqlənmişdir.

Növbəti  gün 5 iyun tarixində Avstriya Respublikasının Parlamentində cənab X.Xələfov Avstriya-Qafqaz və Mərkəzi Asiya Parlament qrupunun sədri Karl Öllinger və Avstriya Parlamentində təmsil olunan digər partiyaların nümayəndələri ilə görüşmüşdür. Ölkələrimizin müxtəlif sahələrində inkişafı qeyd olunmuş, əlaqələrimizin gələcəkdə daha yüksək səviyyəyə qaldırılmasına dair fikirlər söylənilmişdir.

Həmin gün cənab X.Xələfov Avstriya Xarici İşlər Nazirinin müavini, Dövlət Katibi cənab Yohannes Körle ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycan-Avstriya münasibətlərin yüksək səviyyədə olduğu məmnunluqla qeyd edilmiş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, Avropanın enerji təhlükəsizliyi, Yaxın Şərqdə vəziyyət və s.mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər