2018-02-21
No:042/18, Nazir Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Görüş zamanı Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin hazırkı durumu ətrafında müzakirələr aparıldı və əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu.

Avropa İttifaqı və Azərbaycan arasında enerji sektoru ilə bərabər, təhlükəsizlik və nəqliyyat sahəsində dialoq mexanizminin yaradılması əməkdaşlığın inkişafında mühüm addım kimi qiymətləndirildi. Tərəflər Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə aparılan danışıqlara toxundular.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin mövcud vəziyyəti barədə həmsöhbəti məlumatlandıran Elmar Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Helsinki Yekun Aktına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu bildirdi.

Elmar Məmmədyarov münaqişənin həlli prosesində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və Azərbaycan icmaları arasında dialoqun qurulmasının vacibliyini qeyd etdi və Ermənistanın hər vəchlə bu kimi təşəbbüslərə qarşı çıxdığını dedi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər