2017-11-09
No:317/17, Xarici işlər naziri Elmar Məmmədyarov Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti cənab Mulatu Teşome ilə görüşüb
Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını Efiopiyanın dövlət başçısına çatdırdı. Efiopiya Prezidenti Mulatu Teşome Azərbaycan Respublikası Prezidentinin səmimi salamlarına görə təşəkkür etdi, onun da salamlarının və ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş etdi.

Prezident Mulatu Teşome iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə önəm verdiklərini və ikitərəfli əməkdaşlığı daha yuxarı müstəviyə qaldırmaq üçün səylərin artırılmasının, habelə yüksək səviyyəli qarşılıqlı səfərlərin vacibliyini qeyd etdi.

O, çoxsaylı Efiopiyalı tələbələrinin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldıqlarını qeyd edərək, həmin məzunların iki ölkə arasında körpü rolunu oynaya biləcəyini dedi.

Nazir Elmar Məmmədyarov minlərlə afrikalı tələbənin Azərbaycanın ali təhsil müəssisələrində təhsil aldığını, ölkəmizin bu sahəsində Efiopiya ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu qeyd edərək, ali təhsil müəssisələrimiz, o cümlədən xarici tələbələr üçün əlverişli təhsil imkanları barədə məlumat verdi.

Efiopiyanın Afrika qitəsində, eyni zamanda Afrika İttifaqı təşkilatında əhəmiyyətli mövqeyinə toxunan Elmar Məmmədyarov, ölkəmizin Efiopiya ilə ikitərəfli münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi. Nazir ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi qeyd etdi.

Elmar Məmmədyarov ölkəmizin inkişafı və əldə etdiyi nailiyyətlər, Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələr, habelə Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin perspektiv imkanları barədə danışdı. Nazir həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək ölkəmizin ədalətli mövqeyini Prezident Mulatu Teşomenin diqqətə çatdırdı.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması yolları, habelə kommunikasiya və logistika sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.



növbəti xəbər əvvəlki xəbər