2017-10-04
No:284/17, Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Azərbaycana yeni təyin olunmuş nümayəndəsi səfir Zoltan Hernyesi qəbul edib
Nazir Elmar Məmmədyarov Zoltan Hernyesi Avropa Şurasının Azərbaycana nümayəndəsi təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Görüşdə “Avropa Şurası - Azərbaycan Fəaliyyət Planı”nın həyata keçirilməsi və praktiki layihələrin icrası məsələlərinə dair fikir mübadiləsi aparıldı. Azərbaycanın Avropa Şurası Parlament Assambleyası və müvafiq monitorinq komitələri ilə yaxından əməkdaşlıq etdiyi qeyd olundu.

Görüşdə əsnasında nazir Elmar Məmmədyarov Ermənistanın Avropa Şurasına üzv qəbul edilərkən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair öhdəliyinin yerinə yetirilmədiyini xatırlatdı. Həmçinin, görüşdə Nazir “Çıraqov və digərləri Ermənistana qarşı” işinə diqqət çəkərək Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının müvafiq hökmünün təmin edilməməsinə toxundu.

Səfir Zoltan Hernyes diplomatik fəaliyyəti müddətində Azərbaycan və Avropa Şurası arasında ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirdi.

Görüşdə tərəflər arasında qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparıldı.
növbəti xəbər əvvəlki xəbər