2012-02-09
İRS-Herencia ispan dilli jurnalının növbəti nömrəsi işıq üzü görmüşdür, 09 Fevral 2012-ci il

Azərbaycan Respublikasının Argentinadakı Səfirliyindən verilmiş məlumata əsasən Buenos-Ayresdə nəşr edilən İRS jurnalının ispan dilli versiyası “İRS-Herencia”nın “Müstəqilliyə gedən yol: 20 ilə retrospektiv baxış” adlı növbəti nömrəsi artıq işıq üzü görmüşdür.

Jurnalın əsas mövzusu olan və “müstəqillik ləpirləri” adlanan hissəsində qanlı yanvar hadisələri, müstəqilliyin ilk illərində ölkənin qarşılaşdığı çətinliklər və bayrağımızın tarixi haqqında oxuculara maraqlı məqalələr təqdim edilir. “Mədəni  irsimiz” bölməsində Qarabağ zərgərlik ənənələri və xalçaçılıq məktəbi haqqında danışılır. 2011-ci ilin turizm ili olduğunu nəzərə alaraq son iki bölmə - “ənənələri qoruyaq” və “turizm” bölmələri turistlər üçün maraqlı ola biləcək məqamları əhatə edir. “Ənənələri qoruyaq” bölməsi xalqımızın qonaqpərvərliyinə həsr olunmuşdur. “Turizm” bölməsində isə ölkəmizin təbiət abidələrinə, görməli yerlərinə, 2011-ci ildə turizm sektorunun inkişafı istiqamətində baş vermiş yeniliklərə, Avroviziya mahnı müsabiqəsinə, müxtəlif regionların turizm əhəmiyyəti və tarixlə müasirliyi özündə birləşdirən Bakının cazibəsinə geniş yer verilmişdir.

Argentinada nəşr olunan bu jurnal dünyanın ispan-dilli  ictimaiyyətinin Azərbaycanın tarixi-mədəni irsi və bu günki reallıqları ilə tanış edilməsi üçün əhəmiyyətli mənbədir.


Xarici İşlər Nazirliyinin
Mətbuat Xidməti
Tel: (+994) 012 596 92 76
E-mail:
press-service@mfa.gov.az
Twitter:
www.twitter.com/AzerbaijanMFA
YouTube:
www.youtube.com/MFAAzerbaijan

növbəti xəbər əvvəlki xəbər