2012-02-10
Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyinin təşəbbüsü ilə səfirin iqamətgahında Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupunun Yaponiya tərəfdən olan üzvləri üçün Azərbaycan mədəniyyətinin təqdimatı mərasimi keçirilmişdir, 10 Fevral 2012-

Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyindən verilən məlumata əsasən,  9 fevral 2012-ci il tarixində Azərbaycan Respublikasının Yaponiyadakı Səfirliyinin təşəbbüsü ilə səfirin iqamətgahında Azərbaycan-Yaponiya Parlamentlərarası Dostluq Qrupunun Yaponiya tərəfdən olan üzvləri üçün Azərbaycan mədəniyyətinin təqdimatı mərasimi keçirilmişdir. Mərasimdə liqanın üzvləri, o cümlədən Yaponiya tərəfdən həmsədri Akira Amari, liqanın katibi Akihiro Ohata, Yaponiya XİN-in Avropa Departamentinin Baş direktorunun müavini, Yaponiyanın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Toyohisa Kozuki və XİN-in nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan səfir G.İsmayılzadə Azərbaycan-Yaponiya münasibətləri barədə ətraflı danışaraq, bu münasibətlərin yüksək səviyyədə olduğunu və ildən-ilə genişləndiyini, habelə beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edildiyini qeyd etmişdir. Ulu öndər H.Əliyevin 1998-ci ildə Yaponiyaya rəsmi səfərinin iki ölkə arasında əlaqələrin inkişafında dönüş nöqtəsi olduğunu, 2006-cı ildə Prezident İ.Əliyevin rəsmi səfərindən sonra dövlətlərimiz arasında münasibətlərin keyfiyyətcə yeni müstəviyə qədəm qoyduğunu vurğulamışdır.

Səfir G.İsmayılzadə həmçinin qonaqlara Azərbaycanın çoxəsrlik mədəniyyətindən, müxtəlif mədəniyyətlərə və sivilizasiyalar məxsus elementləri ahəngdar şəkildə özündə birləşdirən adət və ənənələrindən danışaraq Azərbaycan muğamının YUNESKO tərəfindən bəşəriyyətin mədəni irs siyahısına daxil edildiyini qeyd etmişdir ki.

Səfir 2012-ci ildə Azərbaycan Respublikası ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 20-ci illiyinin tamam olduğunu və bu əlamətdar hadisə münasibətilə həm Azərbaycan, həm də Yaponiyada bir sıra mədəni tədbirlərin, elmi simpozium və konfransların keçirilməsinin nəzərdə tutulduğunu söyləmişdir.

Mərasimdə parlamentlərarası dostluq liqasının Yaponiya tərəfdən həmsədri Akira Amari nitq söyləyərək, Azərbaycan-Yaponiya münasibətlərinin hazırki səviyyəsindən məmnunluğunu ifadə etmişdir.  

 

Mətbuat Xidməti
Tel: (+99412) 596 90 81
Tel: (+99412) 596 92 76
Faks: (+99412) 596 90 73
Twitter:
www.twitter.com/AzerbaijanMFA
YouTube:
www.youtube.com/MFAAzerbaijan

 

növbəti xəbər əvvəlki xəbər