2017-05-27
No: 145/17, Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfəri çərçivəsində ABŞ dini icmalarının liderləri və yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb

Görüşdə E.Məmmədyarov tolerantlıq və multikulturalizmin ölkəmizdə tarixən mövcud olduğunu və fəxrlə nəsildən-nəslə ötürüldüyünü qeyd etdi. Xalqımızın tolerantlıq ənənələrindən bəhs edən E.Məmmədyarov qədim zamanlardan müxtəlif konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində ölkəmizdə dinc yanaşı yaşadığını bildirdi və hazırda konfessional rəngarəngliyin ölkəmizin sosial həyatında xüsusi yer tutduğunu əlavə etdi və son illər Azərbaycanda dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə həsr edilmiş çoxsaylı qlobal tədbirlərin keçirilməsinin ənənəyə çevrildiyini vurğuladı və bu xüsusda Azərbaycanın BMT-nin Sivilizasiyaların Alyansı üzrə VII Qlobal Foruma ev sahibliyi etdiyini əlavə etdi.

Daha sonra nazir E.Məmmədyarov Amerika Yəhudi Təşkilatının üzvləri, həmçinin Əsas Amerika Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının üzvləri ilə ayrı-ayrılıqda görüşlər keçirdi.

Görüşlərdə Azərbaycanın Amerika yəhudi təşkilatları ilə əlaqələrinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olundu. Nazir Azərbaycan yəhudi icmasının illər boyu ölkəmizdə sülh şəraitində dinc yanaşı yaşadığını və yaxından cəmiyyətə inteqrasiya olunduğunu qeyd etdi.

Nazir E.Məmmədyarov Azərbaycan hökuməti tərəfindən dözümlülük və multikulturalizmin təşviqinə xüsusi diqqət ayrıldığını deyərək, 2016-ci ilin ölkəmizdə Multikulturalizm ili, 2017-ci ilin isə İslam Həmrəyliyi ili elan olunduğunu dedi. E. Məmmədyarov ölkəmizin ev sahibliyi etdiyi İslam Həmrəylik Oyunlarının uğurla başa çatdığını diqqətə çatdırdı.

növbəti xəbər əvvəlki xəbər