2017-05-04
No:124/17, Xarici işlər naziri Elmar Məmmədyarov Cibuti Respublikasının Milli Assambleyasının Prezidenti Məhəmməd Əli Humədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Görüşdə iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edildi. Parlament diplomatiyasının önəminin vurğulandığı görüşdə hər iki ölkə parlamentində yaradılan dostluq qruplarının fəaliyyətinin intensivləşdirilməsinin vacibliyi qeyd edildi.

Nazir Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar məlum qətnamələrinin qəbulunda BMT TŞ-nın o zaman qeyri-daimi üzvü kimi Cibutinin fəal rolunu yüksək qiymətləndirdi. O, həmçinin Cibuti Respublikasının Milli Assambleyasında Xocalı Soyqırımına dair qətnamənin qəbul edilməsi, ümumilikdə, Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyinə görə ölkəmiz adından təşəkkür ifadə etdi.

Məhəmməd Əli Huməd Azərbaycan hökuməti tərəfindən Cibuti Respublikasına edilən humanitar yardıma görə minnətdarlığını çatdırdı və hər zaman qardaş və dost Azərbaycan xalqının yanında olduqlarını bəyan etdi.

Nazir Elmar Məmmədyarov iqtisadi və humanitar əlaqələrin genişləndirilməsinin vacibliyinə toxundu. Qeyd olundu ki, hər iki ölkənin əlverişli coğrafi-strateji mövqeyi hava və dəniz daşımaları sahəsində əməkdaşlığı daha da genişləndirməyə imkan verir.

Məhəmməd Əli Huməd Cibutini Azərbaycan üçün Afrika və ərəb dünyasına “giriş qapısı” kimi xarakterizə etdi və bu xüsusda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Cibuti portu, Azərbaycan Hava Yolları QSC-in Cibutinin müvafiq qurumları ilə əməkdaşlığı və qarşılıqlı səfər mübadiləsini təqdir etdi.

 

növbəti xəbər əvvəlki xəbər