2017-04-20
No: 106/17, Nazir Elmar Məmmədyarov İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano ilə görüşüb

Görüşdə nazirlər bu il Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd edildiyini bildirərək, bu illər ərzində bütün sahələrdə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsindən məmnunluq ifadə etdilər.

Nazir Angelino Alfano Azərbaycanın çox önəmli və etibarlı tərəfdaş olduğunu, yüksək səviyyəli siyasi dialoqun mövcudluğunu, əlaqələrin strateji əhəmiyyət kəsb etdiyini bildirdi. Həmçinin A.Alfano enerji sektorunda əlaqələrin vacibliyi, TAP layihəsinin əhəmiyyətini qeyd edərək, iqtisadi əlaqələrin digər sektorlarda dərinləşdirilməsi istiqamətində geniş imkanların olduğunu vurğuladı.

Nazir Məmmədyarov iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu, bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-ci ildə İtaliyaya səfəri vaxtı qəbul edilmiş birgə bəyannamədə təsbit olunduğunu, İtaliyanın ölkəmizin Avropa İttifaqında ən iri ticarət tərəfdaşı olduğunu, enerji sektorunda geniş əməkdaşlığın mövcudluğunu, humanitar sahədə əlaqələrin, xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətinin əhəmiyyətini qeyd etdi.

O, Cənubi Qaz Dəhlizi və onun vacib hissələri ilə TANAP və TAP layihələrinin əhəmiyyətini diqqət çəkdi. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri haqqında məlumat verərək bu istiqamətdə əməkdaşlığın əlverişli perspektivlər vəd etdiyini dedi. 

Elmar Məmmədyarov həmkarına Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və strateji tərəfdaşlıq sazişi üzrə danışıqlar barədə məlumat verdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan nazir Elmar Məmmədyarov Aİ-nin dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyinin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğuladı.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşün sonunda nazirlər birgə mətbuat konfransı keçirdilər.

növbəti xəbər əvvəlki xəbər