2012-02-13
Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Səfirliyindən verilən məlumata əsasən, ölkəmizin CAR-dakı səfiri E.Poluxov cari ilin 8-12 fevral tarixlərində Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində işgüzar səfərdə olmuşdur, 13 fevral

Səfər çərçivəsində səfir E.Poluxov 9 fevral tarixində CAR Parlamentinin hər il keçirilən açılış iclasında iştirak etmişdir. Parlament üzvləri qarşısında ənənəvi xalqa müraciət ilə çıxış edən Prezident Cakob Zuma 2011-ci il ərzində əldə edilmiş nailiyyətlər və ölkənin 2012-ci il üçün perspektiv planları barədə danışmışdır.

11 fevral tarixində E.Poluxov CAR- Daxili İşlər naziri xanım Nkosazana Dalmini-Zuma ilə görüş keçirmişdir. Görüş zamanı Azərbaycanın keçdiyi uğurlu yol barəsində danışan səfir, CAR ilə Azərbaycan arasında oxşarlığın olduğunu vurğulamışdır. Hər iki ölkənin demək olar ki eyni tarixi dövrdə, 90-cı illərin əvvəllərində, yeni siyasi sistemə keçməyə müvəffəq olduqlarını və bunun üçün uzun və çətin yol keçdiklərini qeyd edən E.Poluxov, gənc respublikaların müstəqilliklərini qoruyub saxlamaq üçün davamlı mübarizə apardıqlarını demişdir. Azərbaycan-Cənubi Afrika münasibətlərinin inkişafı üçün böyük potensialın olduğunu və bunun səmərəli istifadəsinin vacibliyindən danışan E.Poluxov xanım Dlamini-Zumanı azərbaycanlı həmkarları ilə əlaqələrinin yaradılması və möhkəmlənməsinə dair addımların atmasına çağırmışdır.

Öz növbəsində nazir Dlamini-Zuma Azərbaycanın Cənubi Qafqaz regionunda oynadığı vacib və həlledici rolunu vurğulayaraq, Cənubi Afrikada səfirliyin açılmasını yüksək qiymətləndirmişdir. Rəhbərlik etdiyi nazirliyin vətəndaşların və əcnəbilərin qeydiyyatı, viza və əmək fəaliyyətinə dair icazələrin verilməsi, ölkədə seçkilərin keçirilməsi və bir sıra digər məsələlərlə məşğul olduğunu bildirən  xanım Dlamini-Zuma Azərbaycanın müvafiq nazirlikləri ilə əməkdaşlıq etməyə hazır olduğunu qeyd etmişdir. Danışığın sonunda tərəflər görüşlərin davamlı əsasda keçirilməsinə qərarlaşmışlar.

Səfər çərçivəsində E.Poluxov həmçinin CAR Parlamentinin bir sıra üzvləri ilə görüş keçirmiş və Cənubi Qafqaz regionunda cərəyan edən proseslər, o cümlədən Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü məsələsini müzakirə etmişdir.

 

Xarici İşlər Nazirliyinin
Mətbuat Xidməti
Tel: (+994) 012 596 92 76
E-mail:
press-service@mfa.gov.az
www.twitter.com/AzerbaijanMFA
www.youtube.com/MFAAzerbaijan   

növbəti xəbər əvvəlki xəbər