2017-03-13
No: 63/17, Azərbaycan və Böyük Britaniya xarici işlər nazirləri arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı təbrik məktubu mübadiləsi həyata keçirilib

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniyadan olan həmkarına ünvanladığı məktubunda Azərbaycan və Böyük Britaniyanın ötən illər ərzində xalqlarımız üçün qarşılıqlı fayda verən möhkəm və konstruktiv dialoq qurmağa nail olduğunu qeyd edib. Beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında İki ölkənin yaxın əməkdaşlığının davam etdiyini bildirib.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Böyük Britaniyanın iqtisadi sahədə əlaqələri, xüsusilə BP şirkətinin Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri kimi regional enerji layihələrində iştirakının ikitərəfli əməkdaşlığın əsas sütununu təşkil etdiyini vurğulayıb.

Elmar Məmmədyarov həmçinin ikitərəfli siyasi dialoq və hökumətlərarası birgə iqtisadi komissiya daxil olmaqla yeni dialoq formatlarının Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini ifadə edib.

Böyük Britaniya xarici işlər naziri Boris Conson Elmar Məmmədyarova ünvanladığı məktubunda ölkəsinin ötən 25 il ərzində Azərbaycanla əməkdaşlığına böyük əhəmiyyət verdiyini bildirib. 2017-ci ilin iki ölkə arasında ikitərəfli əməkdaşlıq baxımdan önəmli il olduğunu vurğulayan Boris Conson Azərbaycan və Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığından məmnun olduğunu qeyd edib.

O həmçinin ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləməkdə davam etdiyini vurğulayıb.

Britaniyalı nazir iki ölkə arasında qarşılıqlı maraq doğuran müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşdirilməsi və əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.

növbəti xəbər əvvəlki xəbər