2017-02-11
No: 29/17, Azərbaycan və İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə mətbuata açıqlama

11 fevral 2017-ci il tarixində Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd edilir.

Bu müddət ərzində Azərbaycan və İspaniya arasında dialoq və qarşılıqlı anlaşmaya əsaslanan möhkəm dostluq münasibətləri qurulub. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, mədəni, turizm, humanitar, idman və digər sahələri əhatə edir.

Azərbaycan və İspaniya beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, bir-birilərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir və hörmət edirlər.

Yüksək səviyyədə həyata keçirilən siyasi dialoq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələrimizin daha da inkişafına təkan verir. Hər iki ölkə birgə səylərlə iqtisadi-ticarət əlaqələrinin ölkələrimizin malik olduğu mövcud potensiala uyğun olaraq inkişaf etdirilməsi üçün əzmkarlıq nümayiş etdirir.

İnsanlararası təmasların artması, müqavilə-hüquq bazasının genişləndirilməsi istiqamətində atılan addımlar ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün yeni əlverişli perspektivlər açır. Hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən işçi qrupları ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində mühüm rol oynayırlar.

İspaniya Türkiyə ilə birlikdə BMT-nin Sivilizasiyalar Alyansının təşəbbüskarıdır. Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə yaxından əməkdaşlıq edir, beynəlxalq səviyyədə sivilizasiyalar və dinlərarası dialoqun və muktikulturalizmin təşviqinə öz əsaslı töhfələrini verir.

Azərbaycan və İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Ispaniya hökumətinə və xalqına ən səmimi təbriklərimizi ifadə edir və ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyimizi ifadə edirik.

növbəti xəbər əvvəlki xəbər