2017-01-31
No: 21/17, Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının Avropa üzrə Regional Direktoru Vinsent Koçeteli qəbul edib

Görüş zamanı Nazir Elmar Məmmədyarov Azərbaycanda qaçqın və məcburi köçkünlərə BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı tərəfindən göstərilən humanitar yardımın və təşkilatla ölkəmizin əməkdaşlığının yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. 

Nazir Elmar Məmmədyarov həmsöhbətə işğaldan azad edilmiş Cocuqmərcanlı kəndində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə aparılan minadan təmizləmə və tikinti işləri, məcburi köçkünlərin geri qayıtması tədbirləri haqqında ətraflı məlumat verdi. O, ölkəmizdə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirdi.

Vinsent Koçeteli BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. O, ölkəmizdə QHT-lərin xarici donorlar tərəfindən maliyyələşdirilməsi qaydasına dəyişikliklərin edilməsini müsbət hal kimi qiymətləndirdi.

Görüşdə Azərbaycan və BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığı arasında əməkdaşlığın perspektivlərinə və gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər