2016-09-22
Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Baş katibi Lamberto Zanier ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Lamberto Zanier ilə görüşüb.

Görüşdə Azərbaycan və ATƏT arasında praktiki əməkdaşlığın inkişafı və ATƏT-in gündəliyində duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Baş katib Lamberto Zanier ATƏT-in Azərbaycanla praktiki əməkdaşlığı davam etdirmək əzmində olduğunu bildirdi.

Nazir Elmar Məmmədyarov Azərbaycanın da praktiki əməkdaşlığın inkişafında maraqlı olduğunu qeyd edərək bu xüsusda nəqliyyat və enerji dəhlizlərinin inkişaf etdirilməsi kimi sahələrdə əməkdaşlıq tədbirlərinin həyata keçirilməsinin faydalı ola biləcəyini nəzərə çatdırdı.

Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq, Azərbaycanın mövcud status-kvonun dəyişdirilməsi üçün substantiv danışıqlara hazır olduğunu deyən Elmar Məmmədyarov Ermənistanın yenə də danışıqlara xələl gətirmək üçün destruktiv və təxribatçı siyasət yürütdüyünü vurğuladı. Elmar Məmmədyarov əlavə etdi ki, Ermənistanın Azərbaycanın işğal olunmuş Ağdam rayonunda başladığı hərbi məşq və təlimlər danışıqlar prosesini pozmağa yönəlmiş ciddi təxribatdır.

növbəti xəbər əvvəlki xəbər