2016-09-21
Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Maykl Karpenter ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 71-ci sessiyasında iştirakı çərçivəsində ABŞ-ın müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Maykl Karpenter ilə görüşüb.

Maykl Karpenter Azərbaycan və ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə etdi. O, cari ilin mart ayında iki ölkə arasında müdafiə məsələləri üzrə məsləhətləşmələrin uğurla həyata keçirildiyini qeyd edərək, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğuladı. M.Karpenter həmçinin Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə verdiyi töhfələrinin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Elmar Məmmədyarov Azərbaycanın ABŞ ilə bütün sahələrdə, xüsusilə müdafiə sahəsində əməkdaşlığa önəm verdiyini bildirdi. Nazir ölkələrimiz arasında siyasi dialoq və qarşılıqlı anlaşmanın vacibliyini qeyd edərək, bu məqamların praktiki əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığını vurğuladı.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi və Ermənistanın törətdiyi hərbi təxribatları barəsində həmsöhbətə məlumat verdi.

Görüşdə terrorizmə qarşı mübarizə və qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər