2016-08-29
Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb

Gürcüstanda rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

Görüşdə Cənub Qaz Dəhlizinin mühüm strateji xarakter daşıdığı qeyd olundu və bu istiqamətdə həyata keçirilən regional layihələrin əhəmiyyəti, eləcə də tərəflər arasında mövcud olan fəal əməkdaşlıq xüsusi vurğulandı.

Baş nazir Giorgi Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmir yol xəttinin Gürcüstan hissəsinin inşasının gedişatı barədə məlumat verərək, layihənin vaxtında başa çatdırılacağına ümidvar olduğunu bildirdi.

Nazir Elmar Məmmədyarov Azərbaycanla Gürcüstan arasında əlaqələrin strateji xarakter daşıdığını və bu münasibətlərin yüksələn xətt üzrə getdiyini qeyd etdi.

Görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və bu xüsusda Hökumətlərarası birgə komissiyanın fəaliyyətinin intensivləşdirilməsi məsələsi müzakirə edildi.

Birgə mühüm infrastruktur layihələrinin həyata keçirilməsi və qarşılıqlı sərmayələrin qoyulmasının vacibliyi qeyd olunan görüşdə, SOCAR-ın Gürcüstandakı uğurlu fəaliyyəti və gördüyü işlər təqdir edildi.

növbəti xəbər əvvəlki xəbər