2016-08-22
Xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Ramil Həsənovu qəbul edib

Görüşdə Türkdilli dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Baş katib Ramil Həsənov bu ilin noyabrında Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək 6-cı Zirvə görüşünün vacibliyini qeyd edərək toplantıda üzv dövlətlər arasında siyasi, iqtisadi, sosial, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinin əsas müzakirə mövzusu olacağını bildirdi.

Baş katib Türkiyədə dövlət çevrilişi cəhdinə qarşı Türk Şurası üzv dövlətlərinin nümayiş etdirdiyi qəti mövqe və Türkiyə xalqı həmrəyliyin Türkiyə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Tərəflər BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələri çərçivəsində üzv dövlətlərin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün keçirilməsi məsələsini müzakirə etdilər. Nazir Elmar Məmmədyarov məmnuniyyətlə BMT Baş məclisinin 71-ci sessiyası çərçivəsində Türk Şurası üzv dövlətlərinin xarici işlər nazirlərinin toplantısına qatılacağını bildirdi.

Ramil Həsənov Gəncənin 2016-cı il üzrə Avropanın Gənclər Paytaxtı olması ilə əlaqədar 27 sentyabr tarixində Gəncə şəhərində Türk Şurası tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birlikdə gənclər festivalının təşkil olunması, Azərbaycanın ev sahibliyi ilə yeni əməkdaşlıq sahəsi kimi informasiya və kommunikasiya texnologiyaları üzrə noyabrda nazirlər toplantısının keçirilməsi barəsində məlumat verdi.

Elmar Məmmədyarov ölkəmizin Türk Şurasının fəaliyyətinə daim hərtərəfli dəstək göstərdiyini qeyd edərək, təşkilat çərçivəsində praktiki və sahəvi əməkdaşlığın inkişafı üçün Azərbaycanın öz töhfələrini verməkdə davam edəcəyini vurğuladı. 

Görüşdə Türk Şurasının BMT yanında müşahidəçi statusu alması, digər beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsi və terrorizmə qarşı mübarizə kimi məsələlər də müzakirə olundu.

növbəti xəbər əvvəlki xəbər