2016-08-04
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Uşaq Fondunun (YUNİSEF) yeni təyin olunmuş nümayəndəsini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Uşaq Fondunun (YUNİSEF) yeni təyin olunmuş nümayəndəsi Edvard Karvadini qəbul edib.

Edvard Karvadin təyinat məktubunu nazir Elmar Məmmədyarova təqdim etdi.

Nazir Elmar Məmmədyarov yeni təyinatı münasibətilə Edvard Karvadini təbrik edərək Azərbaycanın müstəqilliyinin ilk illərindən BMT-nin Uşaq Fondu ilə faydalı əməkdaşlığın qurulduğunu diqqətə çatdırdı. Nazir uşaqların hüquqlarının qorunmasının Azərbaycan Hökumətinin gündəliyində prioritet məsələlərdən biri olduğunu qeyd edərək, BMT-nin Uşaq Fondunun Azərbaycanda fəaliyyətində məcburi köçkün ailələrindən olan uşaqların problemlərinə xüsusi diqqət yetirməsinin vacibliyini vurğuladı.

Görüş əsnasında Elmar Məmmədyarov Heydər Əliyev Fondunun və Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin həyata keçirdiyi layihələr haqqında məlumat verdi.

Edvard Karvadin Azərbaycanın uşaq və gənclər siyasəti sahəsində əsaslı irəliləyişlərə imza atdığını qeyd edərək, BMT-nin Uşaq Fondunun praktiki əsasda Azərbaycan tərəfi ilə qurulmuş əməkdaşlıqdan məmnun olduğunu ifadə etdi. O, BMT-nin Uşaq Fondunun 2016-2020-ci illəri əhatə edən ölkə üzrə yeni proqramının qəbul olunmasının gələcək əməkdaşlığın yeni perspektivlər müəyyən edəcəyini bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

növbəti xəbər əvvəlki xəbər