2016-07-29
Xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Səid Xan Mohmandı qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Səid Xan Mohmandı qəbul edib.

Nazir Elmar Məmmədyarov səfir Səid Xan Mohmandı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Görüşdə Azərbaycan və Pakistan arasında dostluq və tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı. Həmçinin, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı təqdir edildi. İqtisadiyyat, enerji, ticarət, yüngül sənaye və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olundu.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar beynəlxalq hüququn prinsipləri və BMT Nizamnaməsini rəhbər tutaraq, Pakistanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd etdi.

Səfir Səid Xan Mohmand iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini dedi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər