2016-07-15
Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşdü.

Görüşdə iki ölkənin qardaş xalqlarının iradəsinə və dil, mədəniyyət, ənənələr və tarix kimi ortaq dəyərlərinə əsaslanaraq, Azərbaycan və Türkiyə arasında siyasi əlaqələrin strateji müttəfiqlik səviyyəsində inkişaf etdiyi qeyd olundu.

Tərəflər ölkə liderlərinin dostluğu və qarşılıqlı səfərləri, o cümlədən Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Təyyub Ərdoğanın 25-26 aprel 2016-cı il tarixində Bakıda keçirilmi. BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal forumunda iştirak etmək üçün Bakıya, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22-24 may 2016-cı il tarixində Ümumdünya Humanitar Sammitdə iştirakla əlaqədar İstanbula səfərini xüsusilə vurğuladılar.

Nazirlər qeyd etdi ki, Azərbaycan-Türkiyə əməkdaşlığı regionda və onun hüdudlarından kənarda sülh və inkişafın təmin olunmasına xidmət edir və sabitləşdirici rol oynayır. Həmçinin, ölkələrimiz arasında olan ikitərəfli əməkdaşlığın Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatında da inkişaf etdiyi diqqətə çatdırıldı.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğunun bütün region üçün ciddi təhlükə mənbəyi olduğunu bildirdi.

Bildirildi ki, Ermənistan ərazisində fəaliyyət göstərən Metsamor atom elektrik stansiyası və stansiyadan qaynaqlanan nüvə və radioaktiv materialların qaçaqmalçılığı halları regionu nüvə təhlükəsi ilə üzbəüz qoyur.

Mevlüt Çavuşoğlu bəyan etdi ki, Türkiyə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması əsnasında münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyir.

Hər iki tərəf terrorizmdən əziyyət çəkən dövlət kimi terrorizmin bütün forma və təzahürlərini qınadılar. Nazir Elmar Məmmədyarov fürsətdən istifadə edib son terror aktlarında həlak olanların ailələrinə və qardaş Türkiyə xalqına bir daha dərin hüznlə başsağlığı verdi və onların kədərini bölüşdüyümüzü bildirdi.

Görüşdə həmçinin, Azərbaycan və Türkiyə arasında müdafiə, təhlükəsizlik və hərbi sənaye sahəsində faydalı əməkdaşlığın davam etdiyi, mütəmadi əsasda iki ölkənin silahlı qüvvələri tərəfindən birgə təlimlərin keçirildiyi qeyd olundu. Tərəflər beynəlxalq sülhməramlı əməliyyatlarda Azərbaycan və Türkiyə əsgərlərinin digər tərəfdaşlarla birlikdəsülh və sabitlik naminə çiyin-çiyinə xidmət etdiyini də vurğuladılar.

Nazirlər ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrini tənzimləyən geniş müqavilə-hüquq bazasının mövcudluğunu, o cümlədən 200-dən artıq müxtəlif ikitərəfli sənədin imzalandığını diqqətə çatdırdılar.

Görüşdə məmnunluqla qeyd olundu ki, ölkələrimiz beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarda qarşılıqlı dəstək və birgə səyləri davam etdirirlər.

Nazirlər Azərbaycan və Türkiyənin təşəbbüsü və birgə səyləri ilə həyata keçirilən regional nəqliyyat infrastruktur və enerji layihələrinin region və onun hüdudlarından kənarda inkişafa və çiçəklənməyə mühüm töhfə verdiyini, bu xüsusda, Şərq-Qərb nəqliyyat dəhlizinin mühüm seqmenti olan Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin yaxın müddət ərzində istismara veriləcəyini bildirdilər.

Tərəflər parlamentlərarası diplomatiyanın əlaqələrimizdə xüsusi çəkisinə toxunaraq, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu uğurla fəaliyyətini nəzərdən keçirdilər.

Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyənin birinci yer tutduğu qeyd olunaraq, təkcə ARDNŞ tərəfindən 2018-ci ilədək Türkiyəyə 18 mlrd. ABŞ dolları həcmində sərmayə qoyulmasının nəzərdə tutulduğu, Azərbaycanda 2400-dən artıq Türkiyə şirkəti, Türkiyədə isə 1000-dən artıq Azərbaycan şirkəti fəaliyyət göstərdiyi vurğulandı. İki ölkə arasında ticarət-iqtisadi əlaqələrin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Hökumətlərarası Birgə Komissiyasının vacib rolu qeyd olundu.

Elm, mədəniyyət, təhsil və tələbə mübadiləsi sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini deyən nazirlər ikitərəfli mədəni əlaqələrin və ortaq türk mədəniyyətinin inkişafında TÜRKSOY və Türk Mədəniyyəti və İrsi Fondu çərçivəsində əməkdaşlığın xüsusi rolunu da vurğuladırlar.

 

növbəti xəbər əvvəlki xəbər