2016-06-28
Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb

Görüşdə Azərbaycan və Macarıstan arasında siyasi dialoqun inkişaf səviyyəsindən məmnunluq ifadə olundu və ölkələrimiz arasında əməkdaşlığın strateji tərəfdaşıq müstəvisində inkişaf etdiyi vurğulandı.

Nazir Elmar Məmmədyarov Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclasının iqtisadiyyat, nəqliyyat, enerji, əczaçılıq, informasiya və kommunikasiya texnologiyaları, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığını qeyd etdi.

Peter Siyarto Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə və idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini deyərək bu xüsusda Birinci Avropa Oyunları, Formula 1 Avropa Qrand Prisi və qarşıdan gələn İslam Həmrəylik Oyunlarını qeyd etdi. O, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri kimi Bakıda keçirilən 6-cı iclasından məmnunluğunu ifadə edərək, iclas əsnasında qarşılıqlı maraq doğuran sahələr üzrə praktiki əməkdaşlıq layihələrinin müzakirə edildiyini bildirdi. Macarıstan şirkətlərinin Azərbaycandan olan tərəf müqabilləri ilə əməkdaşlıqda maraqlı olduqlarını dedi.

Nazir Elmar Məmmədyarov ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafında Macarıstanın dəstəyinin təqdir edildiyini diqqətə çatdırdı.

Elmar Məmmədyarov Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şimal-Cənub, Şərq- Qərb nəqliyyat dəhlizi və TANAP/TAP-ın icrası haqqında ətraflı məlumat verdi.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan Elmar Məmmədyarov bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu qəbul etdiklərini bildirdi.

Görüş əsnasında Azərbaycan və Macarıstanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və bir-birini dəstəkləməsinin vacibliyi qeyd edildi. Peter Siyarto BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvlüyünə seçilməsi münasibətilə Azərbaycanı təbrik etdi.

Görüşdə beynəlxalq gündəlikdə duran məsələlər, Avropa İttifaqı daxilində cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər