2016-06-24
Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Xalid Usman Qayseri qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Xalid Usman Qayseri diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Görüşdə Azərbaycan və Pakistan arasında dostluq və tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı. İqtisadiyyat, ticarət, kənd-təsərrüfatı, nəqliyyat, turizm və müdafiə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunaraq, biznes forumları vasitəsilə iki ölkənin iş adamları arasında təmasların artırılmasına ehtiyac duyulduğu bildirildi.

Səfir Xalid Usman Qayser 2016-cı ilin aprel hadisələri zamanı şücaət göstərmiş Azərbaycan şəhidlərinin ruhuna dua etdiyini, dost və qardaş ölkə olaraq Pakistanın Azərbaycanın uğurlarına sevindiyini və fəxarət hissi keçirdiyini bildirdi.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar beynəlxalq hüququn prinsiplərini və BMT Nizamnaməsini rəhbər tutaraq, Pakistanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd etdi. Elmar Məmmədyarov Müqəddəs Ramazan ayı münasibətilə qardaş Pakistan xalqını təbrik edərək ən xoş arzularını çatdırdı.

Səfir Xalid Usman Qayser diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Nazir Elmar Məmmədyarov səfirə iki ölkə arasında əlaqlərin inkişafına verdiyi töhfəsinə görə minnətdarlığını ifadə etdi və ona gələcək fəaliyyətində uğurlar arzu etdi.

növbəti xəbər əvvəlki xəbər