2016-04-26
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində İndoneziyanın xarici işlər nazirinin müavini Əbdülrəhman Məhəmməd Fahir ilə görüşüb

Görüşdə iki ölkə arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olaraq, məsləhətləşmələr mexanizminin daha da gücləndirilməsinin vacibliyi vurğulandı.

Enerji sahəsində əməkdaşlığın uğurla davam etdiyi qeyd olunaraq, iqtisadi-ticarət əlaqələrinin birgə səylərlə təşviqi və şaxələndirilməsi məqsədilə biznes dairələri arasında əlaqələrin artırılmasının əhəmiyyətə malik olduğu bildirildi.

İki ölkənin diplomatik akademiyaları arasında əlaqələrin yaradılması, tələbə mübadiləsi və turizmin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparıldı. 

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini də müzakirə etdilər. 

İndoneziyalı nazir müavini Forumun yüksək səviyyədə təşkil edildiyini qeyd edərək, forumun gündəliyinə aktual məsələlərin daxil edildiyini bildirdi. 

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi və Ermənistanın təxribatı ilə qoşunların təmas xəttində yaranmış son gərginlik barədə ətraflı məlumat verdi.

növbəti xəbər əvvəlki xəbər