2016-04-15
Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberi qəbul edib

Görüşdə nazir Elmar Məmmədyarov 2 aprel tarixindən başlayaraq qoşunların təmas xətti boyunca Ermənistan tərəfindən həyata keçirilən təxribatlar, Azərbaycan ordusunun mövqeyini və təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalini ağır silahlardan atəşə tutması haqqında ətraflı məlumat verdi. Ermənistanın bu kimi təxribatlar törətmək və vəziyyəti gərginləşdirməklə münaqişənin danışıqlar yolu ilə həllinə imkan verməmək məqsədi güddüyünü vurğuladı.

5 aprel tarixində Azərbaycan və Ermənistanın silahlı qüvvələri arasında atəşkəs haqqında anlaşmaya baxmayaraq, Ermənistan tərəfindən atəşin davam etdirildiyi və bu günlərdə Azərbaycan silahlı qüvvələrinin əsgərinin şəhid olduğunu diqqətə çatdırdı.

Nazir bildirdi ki, Ermənistanın təhriki ilə 2 aprel tarixindən başlayan gərginlik mövcud status kvonun qeyri-davamlı və qəbuledilməz olduğunu bir daha sübut etdi. O, gərginliyin aradan qaldırılması və münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və hərbi işğal faktına son qoyulmalı olduğunu nəzərə çatdırdı.

Elmar Məmmədyarov əlavə etdi ki, atəşkəs münaqişənin danışıqlar yolu ilə həlli üçün substantiv prosesin başlanmasına şərait yaratmalıdır. Bu xüsusda, Azərbaycanın münaqişənin tezliklə həllində ən maraqlı tərəf olduğunu deyərək, substantiv danışıqlara hazırlığını ifadə etdi.

Herbert Salber baş vermiş gərginliklə əlaqədar narahatlığını ifadə edərək, özünün və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Federika Mogerininin Ermənistan və Azərbaycan tərəfi ilə telefonla danışdığını qeyd etdi. O da mövcud status kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu deyərək, münaqişənin həlli üzrə danışıqların vacibliyini bildirdi.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıldı.

növbəti xəbər əvvəlki xəbər