2016-04-06
Xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının xarici işlər nazirinin müavini İbrahim Rəhimpurun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Görüşdə ölkələrimizin rəhbərləri tərəfindən müəyyən olunan strateji xəttə uyğun olaraq, ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı və münasibətlərin səviyyəsindən məmnunluq ifadə olundu.

Azərbaycan Respublikası və İran İslam Respublikasının regionda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına töhfələri vurğulandı.

05-06 aprel tarixlərində Xəzər dənizinin hüquqi statusuna dair Xəzəryanı dövlətlərin Bakıda keçirilmiş iclasının əhəmiyyəti qeyd olundu.

Azərbaycan və İran arasında iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, iki ölkəni birləşdirən nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəmir yolu xəttinin inkişaf etdirilməsi məsələləri müzakirə olundu.

Nazir Elmar Məmmədyarov 05 aprel tarixində İranda keçirilmiş Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin dördüncü görüşünün əhəmiyyətinə toxunaraq, üçtərəfli formatda Azərbaycan-İran-Türkiyə əməkdaşlığının regional inkişafa xidmət etdiyini qeyd etdi.

Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin regional sülh və təhlükəsizlik üçün əsas təhdid doğurduğunu diqqətə çatdırdı. O, bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini bildirərək, münaqişənin yalnız Azərbaycanın ərazi bötüvlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinispləri əsasında həll edilməli olduğunu vurğuladı.

İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin dərin tarixə malik olduğunu söyləyərək, əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə etdi. O, ölkəsinin regional sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olduğunu vurğulayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə İranın da öz töhfəsini verməyə hazır olduğunu bildirdi.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər