2016-02-29
Xarici işlər nazirinin müavini Xələf Xələfov Hindistan Respublikasının Azərbaycandakı səfiri Sancay Rananı qəbul edib

Nazir müavini Xələf Xələfov Azərbaycan və Hindistan arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdiyini bildirdi və bu ilin aprel ayında keçirilməsi nəzərdə tutulan hökumətlərarası komissiyanın iclasının ikitərəfli əlaqələrin daha da inkişafına töhfə verəcəyinə əminlik ifadə etdi.

Parlament diplomatiyasının inkişafının vacibliyinə toxunan X.Xələfov Hindistan - Azərbaycan dostluq qrupunun yaradılmasını yüksək qiymətləndirdi.

X.Xələfov energetika sahəsində əməkdaşlığın inkişaf etdiyini qeyd edərək, Şimal-Cənub nəqliyyat dəhlizinin həyata keçirilməsinin iqtisadi-ticarət əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırdı. O həmçinin, Cənub-Şərqi Asiyadan Avropaya yük daşımalarını daha da asanlaşdırıcaq Şərq-Qərb nəqliyyat dəhlizi, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tezliklə istifadəyə verilməsi barəsində məlumat verdi və bu layihəyə İpək Yolu boyunca yerləşən dövlətlərin xüsusi maraq göstərdiyini əlavə etdi.

İkitərəfli münasibətlərin daha da inkişafı üçün hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin vacibliyini bildirən Səfir Sancay Rana, hazırda bir çox sahələr üzrə müqavilələrin layihələri üzərində iş getdiyini və yaxın gələcəkdə hüquqi sənədlərin imzalanacağına ümidvar olduğunu bildirdi.

Səfir ölkəsinin Şimal-Cənub nəqliyyat dəhlizini dəstəklədiyini və bu layihənin sürətləndirilməsi və həyata keçirilməsi istiqamətində Azərbaycanın gördüyü işləri alqışladığını diqqətə çatdırdı.

Görüşün sonunda nazir müavini Xələf Xələfov və səfir Sancay Rana “Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında Müqavilənin ratifikasiyası fərmanlarının mübadiləsi haqqında” Protokolu imzaladılar. Qeyd olunan Müqavilənin 27-ci maddəsinə uyğun olaraq 29 fevral 2016-ci il tarixindən qüvvəyə mindiyi və Müqavilənin hər iki ölkə arasında mülki və ticarət işlərində qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlığın inkişafı üçün şərait yaratdığı vurğulandı.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

növbəti xəbər əvvəlki xəbər