2016-02-03
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı direktoru Şamşad Axtarı qəbul edib

Görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanın BMT, onun ixtisaslaşmış təşkilatları və regional qurumları ilə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edərək, bu səpkidə olan səfərlərin əlaqələrin perspektiv inkişafı baxımından faydalı olduğunu bildirdi.

Nazir Elmar Məmmədyarov qeyri-neft sektorunun inkişafının hökumətin fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu deyərək, informasiya və kommunikasiya texnologiyaları, multi-modal nəqliyyat infrastrukturu və digər sahələrdə İqtisadi və Sosial Komissiya çərçivəsində üzv dövlətlər ilə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu vurğuladı.

Nazir Elmar Məmmədyarov Komissiyanın hədəflərindən biri olan regional əlaqələr və bağlantıların inkişafı istiqamətinin Azərbaycan üçün əhəmiyyətindən bəhs edərək dedi: “Bakı-Tiflis-Qars dəmir yolu, eləcə də Trans-Avrasiya Super İnformasiya Magistrali (TASİM) layihələri bu baxımdan çox önəmlidir və Komissiyanın bu layihələrə dəstəyi hərtərəfli regional əməkdaşlıq üçün geniş imkanlar açacaq”.

İcraçı direktor Şamşad Axtar Komissiya ilə Azərbaycanın əlaqələrindən bəhs edərək, iqtisadi və sosial inkişaf üzrə Azərbaycanın özünəməxsus təcrübəsinin təqdirəlayiq olduğunu qeyd etdi. İnkişafın Azərbaycan modelinin müxtəlif regional müstəvidə daha geniş təqdim olunması üçün Azərbaycanı Komissiyanın cari il üçün nəzərdə tutulmuş yüksək səviyyəli tədbirlərində iştiraka dəvət etdi.

Görüşdə həmçinin Azərbaycan və BMT arasında münasibətlərə və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiya çərçivəsində regional əməkdaşlıq layihələrinə dair ətraflı fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər