2016-02-03
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Yunanıstanın xarici işlər naziri Nikos Kotziasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Görüşdə Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə olundu və bu məsələdə dövlət başçıları səviyyəsində həyata keçirilmiş qarşılıqlı səfərlərin rolu xüsusi vurğulandı. Nazirlər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrinin daha da inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi apardılar və bu istiqamətdə geniş potensialın olduğu qeyd edildi.

Nazir Elmar Məmmədyarov Azərbaycanın iştirakı ilə regionda həyata keçirilən enerji və nəqliyyat layihələri barədə yunan həmkarına məlumat verdi, Avropa və Asiya qitələrinin nəqliyyat dəhlizlərinin birləşdirilməsində ölkəmizin əhəmiyyətini və oynadığı rolu diqqətə çatdırdı.

Cənubi Qafqaz regionundakı vəziyyətə toxunaraq, Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin rəsmi Yerevanın işğalçı və qeyri-konstruktiv mövqeyinə görə həll edilmədiyini və bunun regionda sülh və təhlükəsizlik üçün başlıca maneə olduğunu nəzərə çatdırdı. Münaqişənin həll edilməsi üçün ilk növbədə Ermənistanın işğalçı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirdi. Nazir sözügedən münaqişə ilə bağlı BMT TŞ-nin dörd qətnaməsinin yerinə yetirilməsinin və beynəlxalq hüquqa hörmət edilməsinin vacibliyini qeyd etdi.

Yunanıstan və Azərbaycanın yaxın dostluq əlaqələrinə malik olduğunu deyən Nikos Kotzias, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud potensialdan səmərəli surətdə istifadə etməyin vacibliyini qeyd etdi. O, Yunanıstanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafına töhfə verməyə hazır olduğunu bildirdi.

Azərbaycanın təbii qazını Avropa bazarına nəql edəcək Trans Adriatic boru xətti layihəsinin əhəmiyyətinə toxunan Nikos Kotzias, Yunanıstan da daxil olmaqla bir sıra Avropa ölkələrinin mavi yanacağa olan ehtiyacının ödənilməsində bu layihənin mühüm rol oynayacağı bildirdi.

Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin formatı və gələcək perspektivləri, qarşılıqlı maraq doğuran digər regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər