2016-01-27
Xarici işlər naziri Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Xəlil İbrahim Axçanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Görüşdə ECO ilə Azərbaycan arasında əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edildi və əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov üzv dövlətlər arasında ticarət, informasiya və kommunikasiya texnologiyaları, nəqliyyat, energetika, xüsusən də elektrik enerjisinin istehsalı və ötürülməsi sahəsində geniş imkanların olduğunu diqqətə çatdırdı. Üzv dövlətləri birləşdirəcək nəqliyyat infrastrukturlarının inkişafının faydalı olacağını qeyd edən nazir Elmar Məmmədyarov Qəzvin-Rəşt-Astara-Astara və Bakı-Tbilisi-Qars dəmir yolu xətlərinin region üçün xüsusi əhəmiyyətini vurğuladı.

İlk rəsmi səfərini Azərbaycana etdiyini deyən Xəlil İbrahim Axça, başçılıq etdiyi təşkilatın işinə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi və ECO-nun ölkəmizlə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirdi. Baş katib həmçinin, müstəqil tədqiqat mərkəzinin yaradılmasının nəzərdə tutulduğunu, eləcə də ECO katibliyi ilə təşkilata üzv dövlətlər arasında birgə layihələrin həyata keçirilməsi məsələsinin gündəlikdə durduğunu qeyd etdi.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər