2016-01-25
Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının sədrinin müavinləri Georgi Tsereteli və Kent Harstedtin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Parlament Assambleyasının sədrinin müavinləri Georgi Tsereteli və Kent Harstedtin başçılıq etdiyi, ATƏT PA-nın baş katibi Roberto Montellanın və digər rəsmilərin daxil olduğu nümayəndə heyətini qəbul edib.

Görüşdə ATƏT PA ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf etdirilməsinin yolları müzakirə edildi və tərəflər arasında konstruktiv dialoq və anlaşma ruhunda yeni mərhələdə əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulandı.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında fikir mübadiləsi aparıldı. Münaqişənin regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olduğu qeyd olundu.

Nazir Elmar Məmmədyarov beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə uyğun olaraq münaqişənin həlli ilə əlaqədar bütün beynəlxalq təşkilatların töhfəsinin və rolunun təqdir edildiyini bildirdi. O, ərazi bütövlüyünün pozulması kimi həssas və ciddi məsələnin beynəlxalq təşkilatların gündəliyinə çıxarılmasının hər bir dövlətin suveren hüququ olduğunu nəzərə çatdırdı.

Nazir ATƏT-in Minsk Qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olması faktını qəbul etdiyini deyərək, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirdi. Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğuladı.

Parlament diplomatiyasının əhəmiyyətini xüsusi qeyd edən Nazir Elmar Məmmədyarov, ölkəmizin bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırdı.

ATƏT Parlament Assambleyasının sədri İlkka Kanervanın xəstəliyi ilə bağlı Azərbaycana səfər edə bilməməsini təəssüflə qeyd edən Georgi Tsereteli 2014-cü ildə ATƏT PA-nın Bakıda illik sessiyasının yüksək səviyyədə keçirildiyini məmnunluqla xatırladı və Azərbaycanın fəal surətdə ATƏT PA-nın işinə töhfə verdiyini qeyd etdi.

Görüşdə Azərbaycan və ATƏT PA arasında əlaqələrin inkişaf perspektivləri, ATƏT-in gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər