2015-08-28
Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov 28 avqust 2015-ci il tarixində Antalyada keçirilən Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli toplantısı çərçivəsində Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

Görüşdə Azərbaycan və Türkiyə arasında ikitərəfli və çoxtərəfli əlaqələrə aid olan məsələlərə dair ətraflı fikir mübadiləsi aparıldı.

Terrorizmin bütün forma və təzahürləri, o cümlədən Türkiyədə son günlərdə törədilən terror aktları qəti şəkildə pisləndi. Terrorizmin qurbanı olan şəhidlərin ailələrinə başsağlığı ifadə olundu.

Regional əməkdaşlığın inkişafına, iqtisadi-ticarət əlaqələrinin və mal dövriyəsinin artmasına xidmət edəcək Bakı-Tbilis-Qars dəmir yol xəttinin tezliklə fəaliyyətə başlayacağına münasibətdə məmnunluq ifadə olundu.

Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin ardınca TAP və TANAP qaz layihələrinin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacağı və regionun enerji mənzərəsini dəyişəcəyi diqqətə çatdırıldı.

Bu günlərdə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin iştirakı ilə Azərbaycanda keçirilən təlimin və ümumiyyətlə, iki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın əməliyyat imkanlarının artırılmasına və regional sülh və təhlükəsizliyin möhkəmlənməsinə xidmət etdiyi deyildi.

Ermənistan-Azərbaycan münaqişəsinin Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə həll edilməməsinin Cənubi Qafqaz regionunda sülh və təhlükəsizlik üçün başlıca maneə olduğu vurğulandı.

Üçtərəfli formatda Azərbaycan, Türkiyə və Türkmənistanın iştirakı ilə davamlı əsasda keçirilən bu görüşlərin kəsb etdiyi əhəmiyyət vurğulandı. Bu formatda olan toplantıların üç ölkə arasında siyasi, iqtisadi, ticarət, humanitar, enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd olundu.

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıldı.

 

növbəti xəbər əvvəlki xəbər