2015-07-17
Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Rusiyaya işgüzar səfər etmişdir
Cari ilin 17 iyul tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov Rusiyaya işgüzar səfər etmişdir.
 
Səfər zamanı Nazir Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşmüşdür.
 
Görüş zamanı Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov Nazir Elmar Məmmədyarovu salamlamış və sözügedən səfərin yüksək səviyyədə olan ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyinə əminliyini ifadə etmişdir. Rusiyanın Xarici İşlər Naziri Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlığın bir çox sahələrdə, o cümlədən humanitar sahədə uğurla davam etdiyini bildirmiş və burada bu il Bakıda keçiriləcək Beynəlxalq Humanitar Forum zamanı Azərbaycanda Rusiya Mədəniyyət Günlərinin təşkil olunacağını qeyd etmişdir. Eyni zamanda Sergey Lavrov 2015-ci ilin sentyabr ayında Sankt-Peterburq şəhərində Arktikanın neft-qaz yataqlarının araşdırılması ilə bağlı tədbirin keçiriləcəyini söyləmiş və bura Azərbaycanın Energetika Nazirinin də dəvət olunduğunu bildirmişdir. Bundan əlavə Rusiyanın Xarici İşlər Naziri bu ilin sentyabr ayında Yekaterinburqda keçiriləcək Hökumətlərarası İqtisadi Komissiyanın iclası çərçivəsində regionlararası forumun da təşkil olunacağını bildirərək, Sverdlovsk vilayətində isə hərbi texnika sərgisinin keçiriləcəyini və burada Azərbaycan nümayəndə heyətinin iştirakını gözlədiklərini vurğulamışdır.
 
Nazir Elmar Məmmədyarov həmkarına təşəkkür etmiş və sözügedən görüşün Azərbaycan və Rusiya prezidentlərinin tapşırığına uyğun olaraq baş tutduğunu bildirmişdir. Həmçinin Azərbaycanın Xarici İşlər Naziri İranın nüvə proqramı ilə bağlı Vyanada keçirilmiş danışıqların uğurla nəticələnməsi münasibəti ilə rusiyalı həmkarını təbrik etmişdir. Bu danışıqların regiondakı vəziyyətə müsbət təsir edəcəyinə əminliyini vurğulayan Nazir Elmar Məmmədyarov, buradakı vəziyyətin tam stabilləşməsi üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının zəruri olduğunu söyləmişdir. Münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlara toxunan Azərbaycanın Xarici İşlər Naziri burada Rusiyanın həmsədr ölkəsi kimi rolunu önə çəkmişdir.
 
Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu istiqamətdə ardıcıl iş apardığını, həmsədrlərin mütəmadi təmasda olduqlarını və münaqişənin həlli istiqamətində danışıqların daha da intensivləşdirilməsinin vaxtının çatdığını vurğulamış və bunun üçün bütün əsasların olduğunu söyləmişdir.
 
 
növbəti xəbər əvvəlki xəbər